Vidadi Mustafayev
Yüz ilə yaxın Rusiya imperiyasının müstəmləkəsi olan Şimali Azərbaycanın milli-azadlıq mübarizəsi XX əsrin ikinci onilliyinin sonlarına yaxın öz bəhrəsini verdi.Belə ki, dünyada, Rusiyada və regionda cərəyan edən qlobal, regional və məhəlli tarixi hadisələrin çulğalaşması Azərbaycanın yeni tipli siyası elitasına 28 may 1918- ci il tarixində ölkənin müstəqilliyinu daha yüksək səviyyədə bərpa etməyə şərait yaratdı. Müstəqilliyi bərpa etmək nə qədər çətin idisə, onu təsbit edib qorumaq ondan da çətin idi. Lakin həmin dövrdə müstəqillik uğrunda mübarizəyə başçılıq edən müasir Avropa təhsilli yeni nəsil siyasi elitanın mövcudluğu tarixi vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Bunu Azərbaycanın ən yaxın qonşusu və yarım-müstəmləkə vəziyyətində olan İran dövləti ilə diplomatik və siyasi əlaqələrin qurulması uğrunda aparılan geniş və çətin mübarizə əyani şəkildə nümayiş etdirirdi.
MÜSTƏQİLLİK
Yenicə təsis edilmiş və çox mürəkkəb daxili və xarici şəraitdə fəaliyyət göstərən Azərbaycan hökumətinin əsas vəzifələrindən biri dünya dövlətləri tərəfindən Azəraycanın müstəqilliyinin tanınmasına nail olmaq idi. Həmin məsələdə qonşular, o cümlədən İran, ilə siyasi diplomatik əlaqələr qurulmasına xüsusi əhəmiyyət verilirdi.
İran Rusiyada Oktyabr inqilabı sayəsində iki imperiyanın -Rusiya və Böyük Britaniyanın yarımmüstəmləkəsi vəziyyətindən çıxaraq bir dövlətin (Böyük Britaniya) müstəmləkəsinə çevrilmək və ya öz müstəqilliyini bərpa etmək mərhələsinə daxil olmuşdu.
İran keçmiş Rusiya imperiyasının cənubunda, həmin dövləti Rusiya ilə bilavasitə fiziki təmasdan xilas edən və eyni zamanda bufer rolu oynayan yeni dövlətlərin meydana gəlməsini böyük razılıqla qarşılamalı idi. Lakin Azərbaycanın müstəqillik əldə etməsinə öz münasibətini dərhal və birmənalı şəkildə müəyyən edə bilmədi. Yeni Azərbaycan dövlətinin yaranması İranın geosiyasi maraqlarına cavab verdiyindən, böyük rəğbətlə qarşılanmalı idi, lakin əksəriyyəti müsəlman və türk\azərbaycanlı əhalidən ibarət həmin dövləti təhdid mənbəyi hesab etməyə başladı. İranda Azərbaycana münasibətdə regional və müsəlman həmrəyliyi, nə vaxtsa mövcud olmuş və sonralar mifoloji məzmun kəsb etmiş və haqqında danışılan dövrdə bəzi millətçi İran ziyalıları tərəfindən aktuallaşdırılan, lakin regional deyil, ölkədaxili xarakter daşıyan fars –türk qarşıdurmasının təsiri altında, arxa plana keçdi. İran onun qonşuluğunda ikinci türk\azərbaycanlı əhalisi olan dövlətin meydana gəlməsini İran-Türkiyə qarşıdurması və rəqabətində qüvvələr balansının Türkiyənin xeyrinə dəyişməsi kimi dəyərləndirdi. Buna görə həmin balansın dəyişməsinin qarşısını almaq üçün beynəlxalq və ikitərəfli münasibətlərin müxtəlif sahələrində, o cümlədən ideoloji sahədə, geniş fəaliyyətə başladı.
İDEOLOGİYA fərdin, sosial qrupun və bütövlükdə hər hansı bir konkret cəmiyyətin digər fərdə, sosial qrupa və cəmiyyətə öz düzgün və ya səhv dərk edilmiş maraqları baxımından münasibətini ifadə edən baxışlar sistemidir.
İRANIN AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNƏ QARŞI İDEOLOJİ MÜBARİZƏSİ
a)MÜSTƏQİLLİK ƏRƏFƏSİNDƏ
Rusiyada Fevral, xüsusən də Oktyabr inqilabından sonra müstəmləkə halında yaşayan milli azlıqların milli azadlıq hərəkatı son dərəcə sürətlənir və genişlənir. Həmin xalqlar, təbii ki, gələcək dövlətlərinin ərazisi və sərhədləri məsələsinə də xüsusi diqqət yetirirdilər. Ərazisi bir çox quberniyalara bölünmüş Azərbaycan xalqının siyasi elitası həmin əraziləri vahid dövlətdə birləşdirməyi və dövlətin tarixi adını ona qaytarmağı nəzərdə tuturdu. Dövlətçiliyi bərpa etmək məqsədi artıq 1917- ci ilin aprel ayında səsləndirilmiş “Azərbaycan muxtariyyatı” ideyasında öz əksini tapmışdır. Həmin ilin oktyabr ayından sonra “Azərbaycan muxtariyyatı” ideyası milli azadlıq mübarizəsinin əsas şüarına çevrilmişdi. Azərbaycan dövlətinin bərpa edilməsi məsələdə Sosial-demokrat hərəkatının fəal iştirakçısı, Azərbaycanın ümumölkə, milli “Musavat” partiyasının qurucusu M.Ə.Rəsulzadə daha çox fəallıq və qətiyyət nümayiş etdirirdi. M.Ə.Rəsulzadə 1917-ci ildə yazdığı məqalələrdə Cənubi Qafqazın müsəlmanlar\azərbaycanlılar yaşayan ərazilərinin tarixən “Azərbaycan” adlanması fikrini qətiyyətlə müdafiə edirdi.
İran azərbaycanlı siyasi elita tərəfindən Azərbaycanın müstəqilliyi ideyası səsləndirilən vaxtdan ona qarşı geniş ideoloji-təbliğati mübarizəyə başladı. Həmin mübarizənin əsas vasitəsi İranda nəşr edilən rəsmi və qeyri-rəsmi mətbuat orqanları idi. Həmin illərdə İranda nəşr edilmiş mətbuat orqanları ilə bilavasitə tanış olmaq imkanı olmadığından əlçatatan ədəbiyyatda verilən ilkin materialdan istifadə etməklə kifayətlənmək lazım gəlir.
Azərbaycana qarşı ideoloji təbliğatla bağlı məsələnin bəzi cəhətlərini Cənubi azərbaycanlı, geofizik, Azərbaycan tarixi haqqında kitablar və çoxsaylı yazıların müəllifi Urmiyə universitetinin müəllimi, doktor Tohid Məlikzadə Türkiyənin Qaradəniz araşdırmaları jurnalında dərc etdirdiyi “Azərbaycan Cümhuriyyəti (1918-1920) və İran(fars ) basını”[1.] adlı məqaləsində nisbətən qısa şəkildə araşdırmışdır.
Həmin yazıda İranda fars millətçilərinin Azərbaycana münasibətinin əsas istiqamətləri öz əksini tapmışdır. Fars millətçiliyi mövqeyində duran qüvvələr a) Azərbaycan politoniminə və Azərbaycanın müstəqilliyinə qarşı durmaq b)azərbaycanlıların fars irqinə mənsubluğunu və c) türk xalqları və ilk növbədə Osmanlı türkləri ilə ortaq dəyərlərə malik olmadığını iddia etmək yolu tutmuş oldular. Fars millətçiləri gələcəkdə də bəzi dəyişikliklərə baxmayaraq əsasən həmin mövqedə dururdular.
Azərbaycanın muxtariyyatı ideyasının cəmiyyətdə möhkəmlənməsi İranda həmin ideyaya qarşı ideoloji mübarizənin başlanması və əsaslandırılması ilə müşayiət olunmağa başlanmışdı. Belə ki, artıq 20 dekabr 1917-ci il tarixində İranın “İrşad” qəzetində müstəqillik ideyası tənqid edilmiş həmin ideyadan əl çəkilməsi tələb olunmuş və azərbaycanlıların fars irqindən olması, ona görə guya digər türk xalqlarından və ilk növbədə osmanlı
türklərindən fərqləndiyi iddia edilirdi.[1.s.60]
İranda nəşr olunan digər mətbuat orqanı “Cəngəl” qəzeti özünün 6 yanvar 1918- ci il tarixli sayında “Keçmiş əfsanə yoxsa Konşunun Tenceresi[Qazanı] Doğurdu” adlı yazısında Azərbaycan dövlətinin yaranmasının yanlış addım , ”İranın qüzeybatısı”nın (Azərbaycan) türkləşmiş farsların yurdu olduğuna görə Azəraycan politonimi və yeni dövlətin müstəqilliyinə qarşı bəzi tədbirlərin görülməsini zəruri hesab edirdi.[1.s.60-61]
Deməli İranda bəzi ziyalılar azərbaycanlıların türkləşmiş fars olduqlarını iddia edir və müstəqil dövlətə qarşı tədbirlər tələb edirdilər. Halbuki, İranda farslar azərbaycanlıları türk etnonimi ilə tanıyırdılar.
Həmin fikirlər Məlik üş-Şüəra Baharın nəşr etdirdiyi “Novbahar”qəzetinin 15 yanvar 1918-ci i tarixli sayında dərc etdirdiyi “ Musavat” partiyası nədir və nə deyir?” adlı yazısında da təkrar edilir. Müəllif azərbaycanlıları dil baxımından türk, soy baxımından fars elan edərək bir neçə təklif də irəli sürür :a) Azərbaycan türkləri əvəzinə Qafqasiya müsəlmanları ifadəsi işlətmək, b) müstəqillikdən imtina etmək, c) ermənilər və gürcülərlə birləşmək. Müəllif hətta proqnoz verərək Azərbaycanın müstəqil ola bilməyəcəyini, olsa belə İrana bağlanacağını bildirir.[1.s.61]
Azərbaycanın müstəqillik uğrunda çətin şəraitdə mübarizəsinə hər vasitə ilə mane olmağa çalışan fars millətçi dairələr hər dəfə yeni bir bəhanə irəli sürürlər. Məsələn “Rəəd” qəzeti özünün 64-cü sayında(10 yanvar 1918) “Musavat” partiyasını müsəlmanların birliyinə deyil, Osmanlı müsəlmanları ilə birləşmək meylində ittiham edir. Qəzetin 75-ci sayında (23fevral 1918) “Musavat” partiyası Azərbaycanı İrandan ayıraraq Qafqazlara birləşdirmək niyyətində suçlanır. Qəzet Azərbaycana özünə başqa bir ad seçməsini təklif edir.[1.s.62]
Göründüyü kimi, fars millətçi ziyalıları Azərbaycanın müstəqil olması ideyasını, Azərbaycanın Azərbaycan və Azərbaycan türklərinin türk adlandırılmasını qəbul edə bilmir, hələ müstəqillik perspektivi məlum olmayan bir müsəlman ölkəsinin müstəqillik əzmini zəiflətməyə xüsusi əhəmiyyət verirdilər.. Ona görə Azərbaycanın müstəqilliyi və ondan irəli gələn məsələlərə qarşı siyasi, ideoloji mübarizəni genişləndirməyə çalışırdılar.İranın millətçi dairələri Azərbaycanın müstəqillik uğrunda mübarizəsinə qarşı Azərbaycanın özündə maneə yaratmağa çalışırdılar.Həmin məsələdə Cənubi Azərbaycana müəyyən rol ayrılırdı.
Belə ki, 1917-ci ilin avqust ayında yalnız Cənubi Azərbaycanda fəaliyyət göstərən İran Demokrat partiyasının Əyalət komitəsi özünü Azərbaycan Demokrat partiyası adı ilə müstəqil partiya elan edərək İranın milli maraqlarının müdafiəçisi vəzifəsini də öz öhdəsinə götürdüyünü nümayiş etdirməyi nəzərdə tuturdu. Həmin partiya Cənubi Azərbaycanın İranın suverenliyi və müstəqilliyinə münasibətini nümayiş etdirmək üçün Bakıda özünün şöbəsini təşkil etdi. Həmin şöbə 1918-ci ilin fevral- mart aylarında “AZƏRBAYCAN coze layənfəke İran”(Azərbaycan İranın ayrılmaz hissəsi) adlı Azərbaycan və fars dillərində qəzet nəşr etdirdi. Hazırda İranda bir çox cəhətdən, o cümlədən İranın maraqlarını qorumaq baxımından, həmin qəzet haqqında müxtəlif yazılar meydana gəlir. Cəmi 13 sayı nəşr olunmuş qəzetdə gedən Azərbaycan dilində materialları fars dilinə çevirərək qəzet komplektini yenidən nəşr etdirən tarixçi Rəhim Rəisniya doğru olaraq belə hesab edir ki, qəzet Cənubi Azərbaycanın İrandan ayrılaraq Şimali Azərbaycana birləşmək haqqında yayılmış şayiəyə cavab olaraq meydana gəlmişdi.[2]
Digər iranlı müəllifə görə qəzetin əsas başlığına edilən əlavə ifadə bir tərəfdən Cənubi Qafqazda olan iranlıların İranın bütövlüyünə sadiqliyini vurğulayırdı, digər tərəfdən Qafqazda “pantürkist” hərəkətlərə reaksiya idi. Guya “pantürkist” hərəkələrin əsas məqsədi İranın ərazi bütövlüyünü sual altına almaq idi. Müəllif Bakıda pantürkist hərəkətlərin, xüsusən 1908-ci ildə, formalaşdığını göstərir. O, Bakıda həmin günlərdə guya İran “Azərbaycanının müstəqilliyi” məsələsinin qaldırıldığını bildirir. Bakıda yaşayan iranlı azərbaycanlılar guya buna etiraz olaraq həmin qəzeti nəşr edirdilər.[3.]
Birinci yazıda məsələnin mahiyyəti obyektiv işıqlandırılsa da, ikinci yazıda məsələyə hazırda İranda Cənubi azərbaycanlıların Əsas qanunda təsbit edilmiş son dərəcə məhdud etnik\milli hüquqlarının təmin edilməsi uğrunda fəaliyyətini “pantürkizm” elan edərək ona qarşı geniş mübarizə prizmasından yanaşma və ya son dərəcə qərəzli mövqe öz əksini tapmışdır.
Belə ki ,həqiqətən qəzetin adı Azərbaycanın İranın ayrılmaz hissəsi olduğunu xatırladırdı. Lakin diqqəti çəkən cəhət ondan ibarətdir ki, ərəb əlifbası ilə yazılmış Azərbaycan sözünün ”yca” hərf birləşməsinin uzadılmış qara rəngli “cim” hərfi üzərində ağ rənglə xırda hərflərlə “coze layənfəke İran” ifadəsi yazılmışdı. Qəzetin və onu nəşr edənlərin İrana bağlılığını oxucunun qətiyyən diqqətini çəkməyən xırda hərflərlə yazılmış qeyd edilən ifadə əks etdirirdi. Qəzetin başlığının altında “müsəlmanlara məxsus siyasi, ədəbi, ictimai nəşriyyə” yazılmış və onun istiqaməti bəyan edilmişdir. Qəzet özünü bütün nömrələrində İran Demokrat Firqəsini qəzetin naşiri kimi təqdim edir, halbuki, real mövcud olan Azərbaycan Demokrat firqəsi idi. Həmin qeyd də partiya və qəzetin İrana aid olması və onun adından danışdığını vurğulayırdı. Qəzetə İranda müəyyən baxımdan olan marağı nəzərə alaraq onun haqqında nisbətən ətraflı danışmağı zəruri hesab edirik. Qəzet haqqında nisbətən ətraflı məlumat verilən və qəzetdə getmiş bir-iki mühüm yazının mətni dərc edilmiş elmi yazı[4] əsasında bir neçə məsələyə aydınlıq gətirmək mümkündür. Bunlardan birincisi qəzetin çapı ilə bağlı məsələdir. Qəzetin çapı və Cənubi Azərbaycanın ayrılması haqqında şaiyə ilə bağlı qəzetdə dərc edilən yazıda daha ətraflı məlumat verilir.
Belə ki, qəzetin direktoru Aşqabadda yaşayan iranlı Q. Əliquluzadə qəzetin ikinci nömrəsində 15 fevral 1918-ci il tarixində dərc edilmiş baş məqalədə yazırdı: “Məlum olduğu kimi, Qafqazın Azərbaycandan ayrılan ərazilərində Qafqaz müsəlmanları güclü partiya təşkil edib “Azərbaycanın müxtariyyatı” arzusu ilə fəaliyyətə başladı….. Bu ” Azərbaycanın muxtariyyatı” da “Açıq söz”ün yazarının müəyyən hərəkətləri ilə anlaşılmazlıqlara yol açaraq Azərbaycanda və Qafqazda böyük səs-küyə səbəb oldu. Möhtərəm oxucuların bildiyi kimi, bir qədər əvvəl “Tifliskiy listok” qəzetində bir belə cümlə dərc edilmişdi ki, guya Azərbaycanın mərkəzi Təbrizdə bir partiya yaranıb ki, əsas məqsədi Azərbaycanı İrandan ayırıb oranı ayrıca idarə etmək üçün bir direktoriya yaratmaqdır…
Həmin cümlə Qafqazın bir sıra türk dilli qəzetlərində dərc edildi. ”İranlılar hərarətli müraciətnamələr göndərərək Demokrat partiyasından izahat tələb etdilər. Bakı komitəsinin əlaqələndiricisinin bəyanatlarından belə anlaşıldı ki, iranlıları sakitliyə dəvət etməklə yanaşı bu barədə partiyanın Azərbaycan komitəsindən izahat istənildi. [4.s.118] Təbii ki Azəraycan Demokrat partiyası yayılan şaiyələrə\ eyni zamanda fürsətdən istifadə edərək təmsil etdiyi Cənubi Azərbaycanın qarşısında duran məqsəd və İranın müstəqilliyi və ərazi bütövlüyünə münasibətini bəyan etməyi zəruri hesab edirdi. Ona Bakı şöbəsinə rəsmi məktub göndərmiş və həmin məktubun mətni haqqında danışılan qəzetdə dərc edilmişdi.
“Azərbaycan komitəsinin cavabı: ”Məktubunuzun cavabında yazmalıyıq ki, Qafqaz qəzetlərində də müşahidə edilən bu əhvalat[4.s.118], azərbaycanlıların hərəkətləri ölkədə müxtəlif söz-sohbətə səbəb oldu.”Tiflisskiy listok” qəzetində qaldırılan və “Açıq söz” qəzetində təkrar edilən qondarma məsələdən belə başa düşülür ki, azərbaycanlıların vətənpərvərlik hərəkətləri səhvən onların muxtariyyat və Azərbaycanı ayırmaq xəyalına düşməsi, Tehrana qarşı üsyan, muxtar hökumət təşkil etmək və Azərbaycanın müstəqilliyinə meyl kimi qələmə verilir.Bu xəbərlər tamamilə həqiqətə ziddir və müəyyən siyasi məqsəd güdür. Əyalət komitəsi belə şayiələrə laqeyd qala bilməz. Möhtərəm həmməsləklərimizə qəti şəkildə xəbərdarlıq edilir ki, gözlərini və qulaqlarını açıb belə puç və mənasız şayiələrə qarşı diqqətli olsunlar və özgələrin hərəkətlərindən ürəklərinə qorxu yol tapmasın. Firqənin Əyalət konfransında uca səslə dünyaya elan etdilər ki, ”Azərbaycan İranın ayrılmaz parçası”dır və Azərbaycan İran ailəsinin mühüm üzvüdür.
Azərbaycanlıların son amalı azad, müstəqil, vahid və güdrətli İran qurmaqdır. Demokrat partiyası təşkilatı heç vaxt milli amalından geri çəkilməyib, ölkədə müxtəlif cərəyanların təsir göstərməsinə yol verməyəcəkdir. Təbrizin həyacanı Tehranda atılan tənqidə layiq hərəkətlərdən və onunla qarşı-qarşıya durmaqdan irəli gəlir. Yoxsa nə qədər ki, dünya var “şir və günəş” simvollu bayraq Azərbaycanda dalğalanacaqdır. … .”İran Demokrat Firqəsinin Azərbaycan Əyalət komitəsi, 77 saylı məktub,19 qövs 1336(v- 10 dekabr 1917)”[4.s.119]
Məqalə müəllifi daha sonra məsələ ilə bağlı yazır : “Biz özümüz ki, azərbaycanlıyıq və bilirik ki, Azərbaycanın İrana siyasi bağlılığı və ruhiyyəsi nə dərəcədədir və onun siyasi həyatının xüsusiyyətlərini layiqincə bilirik, bilirdik ki, belə məlumatlar yalnız bəzi ağılsız xəyalpərvərlər və ya fitnəkarlar tərəfindən ortaya atılıbdır. Azərbaycan İranın ruhudur və bədən ruhsuz yaşamadığı kimi ruh da bədənsiz bir iş görə bilməz, Azərbaycan İranın sağ əlidir, bədən əlsiz çətin də olsa yaşaya bildiyi halda, əl bədənsiz məhv olar. Xülasə, xam xəyallar, çürük fikirlərə giriftar olan xam xəyal məftunları bilməlidirlər ki, azərbaycanlıları aldatmaq, onları alət etmək, onun tarixi heysiyyətini və milli şərəfini ayaqlar altına atmaq elə də sadə və asan deyil.[4s.119], Azərbaycanlı nəcib xoş xasiyyət millətdir,…hər bir kəsə [119]dostluq izhar edir, lakin vətəndaşlıq məsələsi ortaya çıxanda… hər kim ki, onları İrandan ayırmaq istəyir, onun qarşısında heybətli düşmənə çevrilib belə işlərə əl uzadanları etdiklərindən peşiman qılar”.[4.s.120]
Göründüyü kimi, burada yazı müəllifinin, Cənubi azərbaycanlıların İrana bağlı dairələrinin Cənubi Azərbaycanın həmin ölkənin ayrılmaz hissəsi olması və Azərbaycanı İrandan ayırmaq istəyən qüvvələrə qarşı ən sərt mövqe tutduqları aydın şəkildə bəyan edilmişdir. Məqalədə və Əyalət komitəsinin cavabında Azərbaycanın siyasi bir vahid kimi İranın ayrılmaz hissəsi və azərbaycanlıların siyasi millətin tərkib hissəsi olduğu diqqətə yetirilir. Lakin İranda nəşr edilən qəzetlərdən fərqli olaraq qeyd edilən məqalədə iranlılar deyil məhz azərbaycanlıların adından danışılır, onların sosial psixoloji keyfiyyətləri və ya milli xarakteri qeyd edilir, eyni zamanda Şimali Azərbaycanda gedən milli azadlıq hərəkatına, Azərbaycan adına, azərbaycanlıların türklüyünə və müstəqillik ideyasına qarşı heç bir fikir səsləndirilməmişdir. Əslində bu, partiya və onun şöbələrindən birinin orqanı olan qəzetin qarşıya qoyduğu məram və məqsədə də uyğun deyildi.
Belə ki. qəzetin birinci nömrəsində “Məsləkimiz” adlı təqdimat və proqram xaratekterli baş məqaləsində (10 fevral 1918) onun islam dünyası və İranın məzlum xalqına xidmət etdiyi vurğulanır. Dünyada vəziyyəti və xalqların sosial durumunu ümumi şəkildə təsvir etdikdən sonra çıxış yolunu zəiflərin çalışıb iqtidara sahib olmasında görür. Daha sonra, demokratik üsullarla fəhlə və zəhmətkeşlərin hüquqları uğrunda ədalət əsasında yuxarı təbəqələrə qarşı mübarizə aparmaq əzmi bəyan edilir..[3]
Qəzetin məram və məqsədi ona millətçilik istiqamətində hərəkət etməyə, deməli panfarsizmin ruporu olmağa şərait yaratmırdı. Eyni zamanda Cənubi Azərbaycanın ayrılması şaiyəsindən irəli gələn və ya qəsdən yayılan təhrikçi fikirlərə də vaxtında münasibət bildirmişdir. Həmin münasibət Azərbaycanın və azərbaycanlıların İranın taleyində oynadığı aparıcı roldan irəli gəlirdi. Həmin günlərdə İranda ən nüfuzlu və müasir tipli təşkilat Azərbaycan Demokrat Firqəsi idi. Özünü İDP şöbəsi adlandıran
Bakı təşkilatı azərbaycanlılardan təşkil olunmuşdu.İranda fəaliyyətindən əsər əlamət olmayan İDP-ni təmsil edən, onun adından danışan Bakı şöbəsi təbii ki, İranın maraqlarının müdafiəçisi rolunda çıxış etməli idi. Əslində, bu şöbə A.D.P.-nin şöbəsi idi, çünki həmin günlərdə İranda Demokrat partiyası qismində Azərbaycan Əyalət komitəsi çıxış edirdi. Təbiidir ki, həm ADP, həm də onun şöbəsi bütün İranı təmsil etdiyi və ya ən azı belə təsəvvür etdikləri üçün, İran dövlətinin maraqlarını müdafiə edirdilər. Lakin məzlum millətlərin, xüsusən də müsəlman millətlərin azadlığı və birliyi uğrunda çıxış edən ADP və onun Bakı şöbəsi Şimali Azərbaycanın müstəqilliyinə qarşı çıxış edə bilməz və ona qarşı ideoloji mübarizə ilə məşğul ola bilməzdi.
Qəzet, əsasən sosial- demokrat yönümlü olduğundan sosial və islami birlik ideyasını təbliğ edirdi. Qəzeti Qafqazda və Şimali Azərbaycanda
panfarsizmin qaranquşu kimi qələmə verənlərin iddiasının əksinə olaraq qəzet əsasən türk dilində nəşr olunurdu, fars dilində material cüzi yer tuturdu. Qəzetin “Azərbaycan “adlandırılması, həmin günlərdə İranın müstəqilliyi ilə daha ardıcıl şəkildə Cənubi Azərbaycanın çıxış etməsi, Azərbaycanın İranın başı olması fikrini əks etdirməyə yönəlmişdi. Qeyd edilən ifadənin kiçik hərflərlə bir hərf üzərinə yerləşdirilməsi, bir tərəfdən qəzet təsisçiləri üçün Azərbaycanın əhəmiyətini, digər tərəfdən Azərbaycanın İranı da özünə yük edərək arxasınca apardığını simvolizə edirdi. Qeyd edilən ifadədə İran sözünün işlənməsi Azərbaycanın və azərbaycanlıların İranın taleyi üçün əsas məsuliyyət daşıdığını və ona görə onu qorumaq əzmində olduğunu göstərirdi. Bundan əlavə, İranın Bakıdakı konsulluğu həmin məqsədlə Bakıda yaşayan və işləyən iranlıların etiraz aksiyalarını təşkil edirdi.
Bir cəhətə də xüsusi diqqət etmək zəruridir. Q.Əliquluzadə öz məqaləsində Qafqazın bir sıra yerlərinin İrandan deyil, məhz Azərbaycandan ayrıldığını göstərirdi. Məhz buna görə İranın Bakıda konsulu mitinq zamanı demişdir ki, “İran Azərbaycanındır, Azərbaycan İranın deyil. ”[1.s. 62].
Yuxarıda qeyd edildiyi kimi, panfarsist müəlliflər fars millətçilərinin İranda nəşr etdikləri qəzetlərə istinad edərək həmin günlərdə Bakıda yaşayan Cənubi azərbaycanlıların Azərbaycan xoroniminə qarşı çıxış etdiyini yazırlar. Məsələn
iranlı müəllif Ə.Morşedizad həmin günlərdə nəşr olunan “İran” qəzetinə istinadən yazır ki, İran Konsulu Saed əl –Vozəranın ( Məhəmməd Saed-Marağai) başçılığı ilə Azərbaycan adına qarşı iranlıların Bakıda etiraz aksiyası oldu. İran demokratları Bakıda “Azərbaycan, coze layənfəke İran” adlı qəzeti nəşr etməyə başladılar.[5.s.292]
Halbuki, yuxarıda Azərbaycan qəzetindən verilən məlumatdan da görünür ki, Cənubi azərbaycanlılar ilk növbədə Cənubi Azərbaycanın guya İrandan ayrılmaq xəbərinə qarşı çıxırdılar.
Azərbaycan toponiminə və Azərbaycanın müstəqilliyi ideyasına qarşı əsasən fars və panfarsist mövqedə duran ziyalılar və siyasətçilər çıxış edir, ideoloji mübarizə aparırdılar.
İranda antiazərbaycan təbliğat kampaniyası keçirilməsinə baxmayaraq, həmin dövlətin Cənubi Qafqazda baş verən hadisələrə təsir etmək imkanı yox idi. Cənubi Qafqazda baş verən siyasi hadisələr Rus imperiyasının dağılma prosesi, həmin prosesə Cənubi Qafqazda mövcud olan müxtəlif yönümlü və potensiala malik olan siyasi qüvvələrin münasibəti və qarşılarına qoyduqları məqsədlərlə müəyyən olunurdu.
Həmin dövrdə İran Rusiya və Böyük Britaniyanın yarım-müstəmləkəsi olaraq qalırdı və müstəqil xarici siyasət yeritmək imkanından məhrum idi. İran dövləti yeni şəraitdən öz müstəqilliyini bərpa etmək üçün istifadə etmək əvəzinə yeni imperialist rus (Müvəqqyi hökumət) hökuməti ilə hərtərəfli “əməkdaşlığı” davam etdirməyə çalışırdı. Ona görə Cənubi Qafqazda baş verən hadisələrə nəinki müdaxilə edə bilməzdi, hətta münasibət bildirməyə belə çəkinirdi. Hər şey Rusiyada 1917-ci ilin noyabr ayında Müvəqqəti hökumətin devirilməsindən sonra başladı. Müvəqqəti hökumətin devrilməsi ilə Rusiyada tamamilə yeni bir şərait yarandı. Həmin şərait ilk növbədə ölkədə yeni ilə köhnə hakimiyyət arasında mübarizədən irəli gələn vətəndaş müharibəsinin başlanması və deməli mərkəzin regiona təsirinin zəifləməsi ilə xarakterizə olunurdu. Müvəqqəti hökumətin devirilməsi və Bolşevik hökumətinin müstəmləkə və yarım-müstəmləkə ölkələrin azadlığı və müstəqilliyinin möhkəmləndirilməsinə yönələn yeni xarici siyasət kursu elan etməsi İranın da beynəlxalq və daxili siyasi vəziyyətinə ciddi təsir etdi. İran Rusiya imperiyasından asılılıqdan xilas olaraq öz müstəqilliyini bərpa etmək şansı əldə etdi. Lakin Rusiyada cərəyan edən hadisələr İranda siyasi, sosial hərəkatlara təkan verdiyindən, Böyük Britaniyanın ağalığından xilas olmaq istiqamətində hərəkət etmək əvəzinə onun himayəsinə sığınmaq yolu seçdi. Halbuki, Cənubi Qafqazda Müvəqqəti hökumətin süqutundan sonra güclənən milli-azadlıq hərəkatı İranın geosiyasi mövqeyini
möhkəmləndirdi. Lakin İranda bəzi qüvvələr hər cəhətdən İranın təbii müttəfiqi olan Azərbaycanın müstəqillik istiqamətində səylərini dəstəkləmək əvəzinə yuxarıda qeyd edildiyi kimi, onun müstəqillik uğrunda mübarizəsinə mane olmağa çalışırdı. Müvəqqəti hökumət kənar edildikdən sonra da İranın regionda cərəyan edən hadisələrə təsir imkanı yox idi.
Beynəlxalq aləmdə baş verən hadisələrin təsiri ilə Cənubi Qafqazda milli dövlətlərin təsis edilməsi prosesi davam edirdi .Nəticədə məlum olduğu kimi, Osmanlı və Almaniyanın təsiri ilə Cənubi Qafqazı birləşdirən hakimiyyət orqanı tezliklə dağıldı və onun yerində yeni müstəqil dövlətlər meydana gəldi Onlardan biri də Azərbaycan Demokratik Respublikası idi. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra İranda Azərbaycanın müstəqilliyinə qarşı ideoloji mübarizə genişlənmiş və hətta siyasi mübarizə ilə “zənginləşdirilmiş”, hətta bir sıra tədbirlər barədə fikirlər irəli atılmışdı.
İranın Azərbaycanın müstəqilliyinə qarşı ideoloji mübarizəsinin müstəqilliyə qədər olan birinci mərhələsinin əsas xüsusiyyəti İranda bəzi qüvvələrin həmin ölkənin maraqlarına fars millətinin maraqları prizmasından yanaşaraq Azərbaycan toponimi, Azərbaycanın müstəqilliyi ideyasını və azərbaycanlıların etnonimini ideoloji mübarizə obyektinə çevirməsi idi. Həmin mübarizə birtərəfli xarakter daşıyır və Azərbaycanın maraqlarına qarşı yönəlmişdi. Azərbaycanda siyasi, ideoloji fəaliyyət Azərbaycanın öz maraqlarına xidmət edir və İranın ictimai, siyasi, mədəni, milli həyatı, beynəlxalq əlaqələri Azərbaycanın maraqları baxımından ideoloji mübarizə obyektinə çevrilməmişdi.
[(AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş”Şərqin ilk demokratik respublikası” mövzusunda Elmi Konfransın materilları
(Bakı “Papirus NP” nəşriyyatı,2019, 264 səh) kitabında: səh.45-190)]
DAVAMI VAR…