Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Пятница, 12 Март 2021 16:44

Azərbaycan Xalq Cümhuriyyəti -İran münasibətlərinin "ideoloji problemləri “ (III HİSSƏ) Избранное

Автор

Vidadi Mustafayev

İRANIN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNƏ QARŞI İDEOLOJİ  MÜBARİZƏSİNİN  ƏSAS KOMPONENTLƏRİ:

a)Azərbaycanlıların etnik mənsubiyyəti məsələsi 

İranın Azərbaycanla ideoloji ixtilafının əsas obyektlərindən biri də azərbaycanlıların etnoniminin rəsmiləşdirilməsi və ondan irəli gələn tədbirlərin həyata keçirilməsi idi. Yəni Azərbaycanın dövlət yaradan etnosunun türk olduğu və türk dilinin rəsmi dil elan olunması, eləcədə təhsilin rus dilindən türk dilinə keçirlməsi İran tərəfini qane etmirdi. İranlılar azərbaycanlıların iranlı(oxu fars) olduqlarında və türk adlandırılmamasında israr edirdilər. 

İranlı müəlliflər  azərbaycanlıların etnik mənsubiyyətinə özlərinin müəyyən etdiyi iki  prinsip əsasında     yanaşırdılar: azərbaycanlıların  İran(fars) irqindən \soyundan olması  və digər türk xalqları ilə heç bir bağlarının olmaması. Burada İran irqi və ya soyu  anlayışının  nə demək olduğu  aydın deyil. Əslində isə bu,  millətçi fars ziyalıların  icad etdikləri bir termindir və fars  etnonimi  əvəzinə  iranlı  etnonimindən  istifadə edilir. Ona görə İranda yaşayan bütün  xalqları İran irqindən, yəni fars soyundan hesab edirlər. İran toponiminə etnik məna verilməsi farsların nəzərində onların millətçiliyini pərdələyən mühüm tapıntıdır. 

İranın Müstəqil Azərbaycanın dövlət quran milləti- türk etnosunu təmsil etməsinə və Cənubi Azərbaycan əhalisinin etnik mənsubiyyətinə həmin vaxt  münasibətini həmin ölkənin Türkiyədə səfiri mənşəcə türk-qacar olan Mirzə Mahmud xan Ehtişam os-Səltənə  16 noyabr 1918-ci il tarixində  Ə.M.Topçubaşov ilə söhbətində aydın şəkildə bildirmişdi. Əvvəla, o demişdi ki, türkcə hər şeyi başa düşür, lakin danışmır. Səfir  Cənubi Qafqaz və Cənubi Azərbaycanda əhalinin etnik mənsubiyyətinə münasibət bildirərkən demişdir:” …Azərbaycanda-ümumiyyətlə Qafqazda və İranda türklər heç yoxdur.” hamı iranlıdır, sizin ata-babalarınız-hamı iranlı olub.”  O, fikrini dəqiqləşdirərək  qeyd edilən bölgənin əhalisinin türk olmasını Türkiyə türklərinin  iddia etdiyini bidirib. Səfir deyib ki, türklər türk olmayan yerdə türk axtarırlar.[7.s.109-110] 

Maraqlıdır ki, azərbaycanca danışan azərbaycanlı Xarici İşlər naziri Müşavir ol-Məmalik Əliqulu xanın oğlu  Ə.Topçubaşovun İran səfirinin yanına göndərdiyi  şəxsə rus dilində fəxrlə bildirir: ”Biz türkcə danışmırıq”[7.s.203] 

Göründüyü  kimi  hakimiyyətdə təmsil olunan etnik azərbaycanlılar azərbaycanlıların etnik kimliyinə münasibətdə farslardan daha sərt və düşmən mövqe tuturdular. Fars müəlliflərindən bəziləri azərbaycanlıların İran irqindən olub digər türklərlə əlaqəsi olmayan türklər olduğunu etiraf etdiyi halda, türk(qacar)\  azərbaycanlı ümumiyyətlə regionda türk etnik birliyinin mövcudluğunu inkar edir. 

İranda azərbaycanlıların guya  türk deyil  fars(iranlı) olduqlarını nümayiş  etdirməyə xüsusi əhəmiyyət verir və bunu Azərbaycanı İrana birləşdirmək üçün əsas hesab edirdilər. 

“İran” Qəzeti  Azərbaycanda  “Şahnamə”  oxunmasının adi hal aldığını” əhalinin bacardığı qədər öz uşaqlarına fars dili öyrətməyə çalışdığını qeyd edərək, belə nəticəyə gəlir ki, Azərbaycanı İrana  b i r l ə ş d i r m ə k  v a x t ı ç a t m ı ş d ır.[8.s.183] 

İranda bəzi dairələr Azərbaycanın müstəqilliyinə qarşı mübarizədə  həmin ölkədə  fars dilinin mövqeyinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdilər. Azərbaycan Demokratik Respublikası ərazisində ona qarşı bəzi  mədəni, siyasi, ideoloji tədbirlərə üstünlük verilir, həmin məqsədlə Azərbaycan Xalq Cümhuriyyətində və Cənubi Azərbaycanda  fars dilinin  yayılmasının genişləndirilməsi vəzifəsi qarşıya qoyulurdu. Azərbaycanda fəaliyyət göstərən İran partiyaları, siyasi və mədəni qruplar və təşkilatların himayə edilməsinə xüsusi  diqqət yetirilirdi.[8.s. 55] 

Burada    sonralar İranın milli siyasətinin ana xətlərindən birini təşkil edən mühüm bir məsələyə toxunulur..Həmin məsələ Cənubi Azərbaycanın farslaşdırılması ideyasının ortaya atılmasıdır. Həmin vaxta qədər İran ictimai fikrində Cənubi azərbaycanlıların  etnik kimliyi  məsələsi müzakirə və mübahisə mövzusuna çevrilməmişdi. 

İran qəzetləri öz oxucularını Azərbaycanın hər cəhətdən  farslara\ İrana  çox yaxın  və deməli türklüyə yad olduğuna inandırmağa çalışırdılar. 

“İran” qəzeti qeyd edirdi ki, İranla Azərbaycanı həmçinin iranlılıq( ?-M. V.) ruhu birləşdirir. Bunu nümayiş etdirmək üçün qeyd edilir ki, Şimali Azərbaycanda  fars ədəbiyyatı geniş yayılıb, İrana dərin sevgi var. Qəzetdə  bunun göstəricilərindən biri kimi  “Nadir şah” pyesinin  Bakıda dəfələrlə tamaşaya qoyulması qeyd edilir.[8.s.183] Qəzetdə gedən yazının müəllifi  Nadir şahın fars olduğunu  “güman” edərək  əsərə tamaşanı İrana sevgi kimi qələmə verir. Əslində nə Nadir şah fars idi, nə də eyni adlı əsər fars müəllifi tərəfindən yazılmışdı.    .[8.s.183]    

Beləliklə, İranda fars millətçiliyi mövqeyində duran  qüvvələr və onların nümayəndələri öz dar etnik maraqlarından çıxış edərək azərbaycanlıların etnik baxımdan türk deyil fars olduğunu  göstərməyə çalışırdılar.Həmin məqsədlə azərbaycanlıları Osmanlı türklərinə qarşı qoymağa xüsusi əhəmiyyət verirdilər. 

b)TÜRKİYƏ AMİLİ 

Qeyd etmək lazımdır ki, hələ ADR təşkil ediləndən əvvəl  və sonralar İranda israrla bəyan edirdilər  və edirlər  ki ,Azərbaycan toponimi Azərbaycan Respublikasına aid olmayıb və həmin yenilik Osmanlı siyasəti ilə bağlı idi. 

Həmin dövrə aid bizə məlum olan  fars dilli sənədlərdə və yazılarda,  “İran”qəzetinin heç bir dəlilə əsaslanmayan  yazısı istisna olunmaqla, eləcə də həmin dövrə aid  sonra yazılmış yə geniş şəkildə yayılan  çoxsaylı müxtəlif xarakterli, o cümlədən “elmi” yazılarda həmin planın  nə vaxt  və kimin tərəfindən irəli sürüldüyü  açıqlanmır. 

İranda  Azərbaycan politonimi və türk etnoniminin gündəmə gəlməsini Türkiyənin Azərbaycanda təsirinin güclənməsi, pantürkist məqsədləri,  o cümlədən hər iki Azərbaycanı birləşdirərək öz himayəsi altına almaq siyasəti yeritməsi ilə izah etməyə çalışırdılar. 

İran ideoloqları əslində öz antiazərbaycan mövqe və fəaliyyətlərinə bəraət qazandırmaq üçün Türkiyə ilə bağlı müxtəlif böhtan, iftiralar və  yalanlar yaymaqla məşğul idilər. İran hələ  Azərbaycan müstəqillik elan etmədən əvvəl  Azərbaycanla Türkiyə arasında yaxınlaşmaya qarşı mübarizəyə başlamışdı. 

“İran”  qəzeti 25 cəmadisani1336\ 7 aprel 1918-ci il sayında yazırdı ki,

  Bakı qəzetlərindən biri yazıb ki,  Brest- Litovsk  sülh danışıqları zamanı Türkiyə tələb edirdi ki, Cənubi  Qafqaz 2 müstəqil  dövlətə- Gürcüstan və Azərbaycana bölünsün,  İran Azərbaycanı müstəqil Azərbaycana birləşsin, Bunlar (Gürcüstan və Azərbaycan) daxili  muxtariyyat  və müstəqilliyə malik olub Osmanlının hakimiyyəti altında olsunlar[5.s.291]  “İran”  qəzeti  (dövlətin yarim- rəsmi orqanı idi) daha sonra  yazırdı  ki, ”əsrlərlə miskin(meskənət) və digərlərinin təbəəsi olmuş bir camaat” ( yəni Cənubi Qafqaz azərbaycanlıları-v) müstəqillik iddiasındadır.[5. s. 291]    

Göründüyü kimi, fars millətçi ziyalıları  türklərə münasibətdə irqçilik  nümayiş etdirir və  “İran” qəzeti  səhifələrində azərbaycanlıları təhqir etməkdən belə çəkinmirdilər. Farslar min ildən çox miskin şəkildə, özü də türklərin\azərbaycanlıların təbəələri olduğunu unutmasa da, həmin vəziyyəti azərbaycanlıların ayağına yazmağa cəhd edir və azərbaycanlılara əsil münasibətini ortaya qoyurdular. 

Azərbaycan adının Türkiyə ilə  bağlılığı  haqqında məlumatın  mənbəyi kimi “İran” qəzetinin guya Bakıda nəşr edilən qəzetlərdən birini göstərdiyi vurğulanır. Lakin nə qəzet, nə də ona istinad edən müəllif həmin Bakı  qəzetin adını çəkmir. Ona görə həmin məlumatı qəzetin saxtakarlığı hesab etmək olar.  

Burada qəzetin həm də  açıq-aydın böhtan və iftira yağdırması özünü göstərir, çünki  Rusiyanın müharibədən çıxması nəticəsində Rusiya cəbhəsində vəziyyəti nisbətən düzəlsə də, digər cəbhələrdə müharibəni uğursuz şəkildə davam etdirən Osmanlı Rusiya qarşısında belə məsələ qaldıra bilməzdi. Bunu Brest-Litovsk sülh müqaviləsinin mətni də əyani şəkildə göstərir. 

Əvvəla,  Brest-Litovsk sülh müqaviləsi ətrafında danışıqlar 22 dekabr 1917-ci il tarixində başlanmış və  3 mart 1918-ci il tarixində  sülh müqaviləsi  imzalanmaqla başa çatmışdır. Sülh müqaviləsinə görə neft şəhəri Bakı Rusiyanın nəzarətində qalmalı idi. 

İkincisi,   3mart 1918-ci il Brest-Litovsk  müqaviləsinə Əlavə Rus-Türkiyə müqaviləsinin ikinci Maddəsində ölkələr arasında sərhəd  xəttinin bundan əvvəl mövcud olmuş sərhədin Rusiya-Türkiyə-İran sərhədinin kəsişdiyi nöqtədən hesablamaq  əsasında bərpa olunması nəzərdə tutulurdu.[12] 

Başqa sözlə, Osmanlı Bolşevik hakimiyyətinin çar Rusiyasının varisi olduğunu tanıdığını qəbu edirdi. Belə bir vəziyyətdə Osmanlı öz həyati maraqları ilə bağlı olmayan  hər hansı bir   məsələ qaldıra bilməzdi. Həmin sənəd İran rəsmi orqanının Türkiyəyə qarşı  əsasız şayiələr yaymaqla məşğul olduğunu göstərirdi. 

.Azərbaycan müstəqillik əldə edib Türkiyə ilə Dostluq müqaviləsi( 4 iyun 1918 ci il Batum müqaviləsi) bağladıqdan sonra həmin fəaliyyət daha da genişləndi. 

İranın Türkiyədə səfiri   Azərbaycan adının Türkiyənin siyasəti ilə bağlı olduğunu qeyd edirdi. Belə ki, İranın  Türkiyədə səfiri ,  Ə.M.Topçubaşovla söhbəti zamanı   guya məsələnin kökünü, Azərbaycan adının verilmə səbəbini, başa düşdüyünü göstərmək üçün əlavə etmişdir:”… bu sizin təqsiriniz deyildir. Ton  buradan [yəni Türkiyədən] verilib”[7.s.110]    

İranın xarici işlər naziri azərbaycanlı   Müşavir əl-Məmalik   Paris sülh konfransına gedərkən İstanbulda olduğu zaman Ə.Topçubaşovla bir neçə dəfə  görüşmüşdü. Xarici işlər naziri Ə.Topçubaşovla 11 yanvar 1919-cu il tarixində ikinci dəfə görüşərkən Azərbaycan adının qoyulmasına münasibət bildirərkən  əsas ideyanın Türkiyədən gəldiyini nəzərdə tutaraq demişdir :” …sizin tərəfinizdən səhvə yol verilib”[7.s.214]  

Göründüyü kimi, nazir  Türkiyəni birbaşa ittiham etmir, çünki onun fikrincə həmin dövlət :”çox çətin ki dirilə”.[7.s.226] 

Yuxarıda qeyd edildiyi kimi,  İran rəsmisi  regionda əhalinin türklərdən ibarət olduğunu  yalnız Türkiyə türklərinin iddia etdiyini vurğulayıb. Guya türklər türk olmayan yerdə də türk axtarırlar. 

Türkiyənin Azərbaycan adının seçilməsində roluna gəlincə, bir fakta diqqət yetirilməlidir.1918-ci ilin may ayına qədər yəni Azərbaycanın müstəqilliyi elan edilənə qədər Türkiyə ictimai fikrində “ osmançılıq”,”pantürkizm”, “panislamizm”, “ittihadçılıq” ideologiyaları əks olunan  müxtəlif xarakterli  ədəbiyyatda Şimali Azərbaycanın Azərbaycan adlanması haqqında  heç bir qeydə rast gəlinməmişdir.  Belə olan halda Azərbaycan ideyasının türklər tərəfindən irəli sürülməsinin heç bir elmi əsası olmadığı aydın görünür. Türklər birdən-birə belə ideya irəli sürə bilməzdilər. Deməli, Azərbaycan ideyası Şimali Azərbaycanda mövcud olmuşdur.   

Yeni dövlətin Azərbaycan  və azərbaycanlıların özlərini türk 

adlandırmasının Türkiyə ilə əlaqələndirilməsi  müəyyən siyasi məqsəd güdürdü və heç bir əsası yox idi. Azərbaycan adına etiraz edib, onu Türkiyəyə bağlayaraq Türkiyəyə qarşı İran yönümlü qüvvələri səfərbər etmək və İran təsirini gücləndirməyə çalışılırdı. Bununla da azərbaycanlıların öz  əli ilə  gənc respublikanın Türkiyə ilə münasibətlərini pisləşdirmək məqsədi güdülürdü. 

Maraqlıdır ki, İranın siyasi elitasında aparıcı yer tutan və rol oynayan bəzi  farslaşmış   etnik türklər\azərbaycanlılar  özlərini  İran dövlətinin sahibi təsəvvür edərək onun maraqlarını fars etnosunun məhdud maraqları ilə eyniləşdirmək   nümunələıri nümayiş etdirirdilər. Bununla belə farslaşmış türklər Şimali Azərbaycanı İranın deyil Azərbaycanın bir hissəsi adlandırır və bununla da dolayısı ilə Azərbaycan adının onun şimal hissəsində bərpa edilməsinin Osmanlı türkləri ilə heç bir əlaqəsi olmadığını və ən mühümü Şimali Azərbaycanı Azərbaycan kimi qəbul etdiklərini nümayiş etdirirdilər.  

Belə ki ,İranın Türkiyədə səfiri Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi ilə bağlı Osmanlı XİN-ə yazdığı məktubda  ADR ərazisi haqqında yazır;”əyaləti-məzkurənin bir cüzi-qəlili olaraq Qəfqasiyyədə bulunan parçasının Azərbaycan namıyla ayrıca bir hökumət olaraq meydana çıxarılması[Həmin əyalətin (yəni Azərbaycanın –v) kiçik bir hissəsi olaraq  mövcud olan  PARÇASInın Azərbaycan adı ilə ayrıca bir dövlət  olaraq meydana  çıxarılması] səfirin  təəccübünə səbəb olmuşdu.[6] 

Göründüyü kimi, səfir Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini Azərbaycan vilayətənin kiçik bir hissəsi ,parçası adlandırırdı. 

Eyni fikri İranın Xarici işlər naziri, Qacar şahzadəsi Firuz Mirzə Nüsrət od –Dövlə  Parisdə olarkən Böyük Britaniyanın XİN-ə yazdığı məktubda təkrar edir. 

 Belə ki,  nazir 19 noyabr 1919-cu il tarixli məktubunda  İranın Cənubi Qafqaz planları barədə geniş  izahat verərək  Azərbaycan Xalq Cümhuriyyətinin  yəni “Qafqazın bu hissəsinin  həqiqi anası bizim böyük Azərbaycan əyaləti” olduğunu diqqətə çatdırmışdı. O daha sonra yazırdı:” Hazırda  Qafqaz adlanan ölkə  öz əsil  və mənşəyini yaxşı bilir və buna görə  qədim rus imperiyasından ayrıldığını vurğulamaq üçün  özünü   ANA  Azərbaycan adından istifadə etməkdə  haqlı sayır”.[11.s.137 ] 

Beləliklə, Azərbaycan adının həmin  ölkənin bir hissəsində qurulan  dövlətin adında təkrar  edilməsinin səbəbini iranlı ziyalılar və rəsmilər yaxşı bilsələr də,  məlum siyasi məqsədlərlə Türkiyə ilə bağlamaq ideyasını ortaya atmışdılar. 

Əslində məsələyə fars-türk qarşıdurması prizmasından yanaşan panfarsist ziyalı və siyasətçilər qonşuluqda ikinci bir türk dövlətinin yaranması faktı ilə heç cür barışmaq istəmirdilər. 

Bir daha qeyd etmək artıqdır ki, yeni dövlətin Azərbaycan adlanmasının Türkiyə ilə əlaqələndirilməsi  müəyyən siyasi məqsəd güdürdü və heç bir əsası yox idi. İranın həmin ideoloji fəaliyyətinin məqsədi   Azərbaycan adına etiraz edib, onu Türkiyəyə bağlayaraq, Azərbaycanda Türkiyəyə qarşı İran yönümlü qüvvələri səfərbər etmək və İranın təsirini gücləndirmək idi. Həmin ideyadan az sonra cənubi azərbaycanlılara qarşı geniş istifadə olundu. 

Bir qədər irəliyə gedərək deyə bilərik ki,    Türkiyənin öz müstəqilliyini bərpa edərək , regionun aparıcı dövlətlərindən birinə çevrilməsi ilə   Azərbaycan adının seçilməsində Türkiyənin ittiham edilməsi yenidən  gündəmə çıxdı. İranda panfarsist mövqeyi əks etdirən istər elmi, istərsə də elmi-publisistik və digər xarakterli yazılarda həmin məsələdə Türkiyəni ittiham etmək aksiom halı alaraq yekdilliklə təkrar olunur. 

İranın millətçi dairələrinin ilk gündən başlayaraq  Şimali Azərbaycanın Azərbaycan adlandırılmasına qarşı çıxdıqlarını və həmin ideoloji fəaliyyətin İran islam inqilabından sonra gündəmə gələrək daim geniş şəkildə davam etdiyini nəzərə alaraq Azərbaycan adı haqqında  bir neçə kəlmə qeyd etmək zəruridir.

c) A  Z Ə R B A Y C A N  XORONİMİ 

Azərbaycan xoroniminin meydana gəlməsi məsələsini araşdırmadan həmin toponimin Azərbaycanın hər iki hissəsinə şamil olması ilə bağlı bəzi qeydlərə nəzər salmaq zəruridir. 

Burada orta əsrlər coğrafiya  və tarixinə dair  yazılmış  əsərlərdə Azərbaycan xoroniminin Azərbaycanın şimalı və cənubunu(indiki Şimali və Cənubi Azərbaycan)   əhatə edən termin   kimi təsbit edildiyini   qeyd etməyə ehtiyac yoxdur. Həmin məsələ Azərbaycan tarixşünaslığında bu və ya digər dərəcədə öz əksini tapmışdır.  

Haqqında danışılan  məsələ  həmçinin  azərbaycanlıların farsca yazdıqları izahlı\ensiklopedik lüğətlərdə öz əksini tapmışdır. Bunlardan biri Mehdi Astrabadinin fars-türk lüğəti, digəri  məşhur “Bürhane qate” dir.

Müasir İran müəllifləri  Səməd Sərdariniya və Həsən Raşedi Azərbaycan Respublikasının ərazisinin Azərbaycan anlayışına daxil olması haqqında bir sıra yazılar çap etdirmişlər. 

S.Sərdəriniya Orta əsr ərəb dilli mənbələrə nəzər salaraq diqqəti  panfarsist ziyalıların həmin mənbələrdən qərəzli şəkildə istifadə etdiklərinə yönəldib qeyd edilən   əsərlər və izahlı lüğətlərdə Azərbaycan anlayışının hər iki Azərbaycanı əhatə etdiyini əyani şəkildə göstərmişdir. [13] 

Həsən Raşedi Azərbaycan və Aranın və ya Şimali və Cənubi Azərbaycanın  eyni adla, yəni  Azərbaycan adlanmamasının  qədim tərəfdarı Ə.Kəsrəvinin,  İranda aranşünaslığın “atası”,  İranın, bəlkə də ən prinsipsiz insanlarından biri olan İ.Rzanın və onların davamçılarının  istinad etdikləri mənbələrdən gətirdikləri iqtibasları  diqqətlə araşdıraraq, onların  mənbələri  şüurlu şəkildə saxtalaşdırdıqlarını  göstərmişdir. O, həmin mənbələrin məlumatlarındakı    bəzi   qeyri dəqiqliklərə və məlumatların müxtəlifliyinə düzgün və obyektiv yanaşaraq Şimali və Cənubi Azərbaycanın  bir ölkə kimi həmişə     Azərbaycan  toponimi ilə qeyd

 edildiyini nümayiş etdirmişdir.[14] 

Müstəqilliyin ilk illərində və indi də fars millətçilərinin Azərbaycan və azərbaycanlılara qarşı irəli sürdükləri əsassız iddialardan biri Azərbaycan adında  dövlət olmadığı  və azərbaycanlıların heç bir  zaman millət olmadığı, yəni dövlət təşkil etmədiyi, öz dövləti olmadığı iddiasıdır. Azərbaycanlıların Azərbaycanda hər zaman dövlətləri olduğunu sübut etməyə ehtiyac yoxdur. Orta əsrlərə dair bircə misal göstərmək yerinə düşərdi. İran tarixçiləri

 Azərbaycan Atabəylər dövləti adlı  dövlət olduğunu  (1136-1225) və onun bütün Azərbaycanı və digər qonşu əraziləri əhatə etdiyini, paytaxtlarının indiki Azərbaycanda (Naxçıvan, Təbriz,Ərdəbil və Həmədan) yerləşdiyini yaxşı bilirlər. 

İranın millətçi müəllifləri onu da bilirlər  ki, Nadir şah (1736-1747)  öz dövlətinin inzibati bölgüsünü yenidən təşkil edərək, Şimali və Cənubi Azərbaycanı mərkəzi Təbriz olan  Azərbaycan  inzibati-ərazi bölgüsündə birləşdirmişdi.[15.s.539] 

Nadir şahın qətlə yetirilməsindən sonra Azərbaycan müstəqil xanlıqlara parçalanmış və onlar (əsasən cənub xanları)Nadir şah dövlətinin ərazisini, o cümlədən Azərbaycanı, vahid dövlətdə birləşdirmək uğrunda mübarizəyə başlamışdılar. Lakin onların heç biri həmin məqsədə nail ola bilməmişdi. Həmin mübarizədə sonuncu qalib olan Qacar sülaləsinin həmin siyasəti güclü və cənuba doğru irəliləyən Rusiya imperiyasının ekspansionist siyasəti ilə üz-üzə gəlmiş və nəticədə Azərbaycanın Şimal hissəsi ruslar tərəfindən işğal edilmiş( 1804-1828) və Azərbaycan və Azərbaycan xalqı ikiyə bölünmüşdü.Şimali Azərbaycanı işğal edən ruslar işğal etdikləri ərazidə yaşayan xalqın Qacar dövlətinin tərkibində qalan xalqla eyniyyət təşkil etdiyini aydın görür və bunu təsbit edirdilər. 

Maraqlıdır ki, XVIII-XIX əsrlər rus dilində  xanlıqlar dövrünə aid yazılarda  Şimali Azərbaycandan danışarkən Azərbaycan və azərbaycanlı terminlərindən istifadə olunurdu. Şimali Azərbaycanın işğalı və ondan sonra müəyyən, lakin qısa müddət ərzində  Şimali Azərbaycan əhalisi ruslar tərəfindən azərbaycanlı kimi təqdim edilirdi. 

Belə ki, hələ 1827-ci ildə A.Qriboyedov Şimali Azərbaycanda yerli əhalini azərbaycanlı adlandırırdı. 

Məlum olduğu kimi,  Rusiyanın XIX əsrin ən böyük şərqşünaslarından biri və əslən azərbaycanlı olan  Mirzə Kazım bəy  “Türk-tatar dilinin ümumi qrammatikası”( Kazan 1839)  kitabında Cənubi Qafqazda \Zaqafqaziyada  yayılmış türk dilini Azərbaycan dialekti adlandırırdı. Başqa sözlə, rus dilli ədəbiyyatda Şimali Azərbaycanda mövcud olan  türk dilinin ərazi, ölkə mənsubiyyəti əsasında  Azərbaycan dialekti\Azərbaycan dili  adlandığı təsbit edilmiş olurdu. 

Lakin Rusiya Azərbaycanı əyalətlərə bölərək vahid toponimin işlənməsinin qarşısını almış oldu. 

Rusiyada baş verən iqtisadi,  siyasi, mədəni dəyişikliklər Azərbaycanda da, xüsusən neft sənayesinin meydana gəlməsi ilə milli həyatın gələcəyi üçün  xüsusi əhəmiyyətə malik olan ciddi dəyişikliklərə səbəb olurdu. Azərbaycanda bu dəyişikliklər hər şeydən əvvəl mədəni həyatın modernləşməsi istiqamətində  getməsi ilə səciyyələnir və deməli milli birliyin mədəni birlik əsasında formalaşmasına zəmin yaradırdı. Təbii idi ki, milli formalaşma mərhələsinə qədəm qoyan xalq  güclənməkdə olan milli birlik ideyasının əsaslarını müəyyən etməyə başlayır. Yəni vilayətlərə bölünmüş ərazinin etnomilli ərazi   kimi vahid xoronim     və həmin ərazilərdə yaşayan əhalinin vahid etnonim ilə   yenidən adlandırılmasına daha doğru tarixi terminlərin bərpa edilməsinə  ehtiyacı duyulurdu. Etnomilli  ərazinin  vahid

 toponimini , həmin ərazidə yaşayan əhalinin  vahid etnonimin bərpa və   təsbit etmək  milli birlik ideyasının formalaşdığını göstərir  və eyni zamanda  həmin ideyanın gələcək inkişafını və onun nəticəsi olaraq milli birliyin güclənməsini təmin edirdi. 

Doğrudan da, Azərbaycanın yeni,  müasir təhsil almış  ziyalıları yuxarıda  qeyd edilən məsələni həll etməkdə elə bir çətinlik çəkmirdilər, çünki onlar Azərbaycan toponiminin  tarixən hər iki Azərbaycanı ifadə etdiyini, eləcə də yaxın keçmişdə ruslar tərəfindən  Şimali Azərbaycanın

 Azərbaycan adlandırılğını yaxşı bilirdilər.Bununla belə  Azərbaycanın milli elitası  həmin ərazidə  Azərbaycan adını bərpa etməkdə   elmi və mədəni baxımdan heç bir çətinliklə rastlaşmasalar da , onun rəsmiləşdirilməsində güclü siyasi maneə ilə üzləşirdilər.Bunu ziyalılarn Azərbaycan adını bərpa etmək sahəsində fəaliyyətinə ötəri nəzər salarkən aydın görmək olar.Belə ki, 

 M.Ə.Rəsulzadə  “Azərbaycan”qəzetinin  8 aprel 1919-cu il tarixli sayında yazırdı  ki,1885-ci ildə Peterburq şəhərində  Bakı, Gəncə, İrəvandan gəlmiş müsəlman gənclər milliyyət hisslərinə dayanaraq “Azərbaycan cəmiyyəti” təşkil etmiş və hər il bayramlar və müsamirələr keçirirdilər.”[16]  

Daha bir nümunə  “Kəşkül” qəzetində dərc edilmiş(1891) məşhur məqalədir. Orada yazı müəllifi  azərbaycanlının    özünü  Azərbaycan türkü adlandırmasını doğru sayırdı. Məşhur ziyalı M.T.Şahtaxtlı da “Kaspi” qəzetində Cənubi Qafqaz müsəlmanlarını Azərbaycan türkləri və onların dilini isə türk-Azərbaycan dili adlandırmağın tərəfdarı idi. . Nəhayət xüsusi qeyd edilməlidir ki,  1891-ci ildə “Kəşkül” qəzeti bağlandıqdan sonra Ünsizadə qardaşlarından Kamal bəy Rusiya dövlət orqanlarına “AZƏRBAYCAN”   adında qəzet nəşr etmək üçün icazə almaq mıəqsədi ilə müraciət edir. 1905-ci ildə ikinci dəfə“AZƏRBAYCAN”adlı qəzet nəşr etməyə təşəbbüs edilir.Lakin hər iki halda Rusiya dövləti Azərbaycanda artıq inkişaf etməkdə olan milli şüurun daha da güclənməsindən ehtiyat edərək  ziyalıların müraciətlərini rədd edir.Lakin Azərbaycan ideyası artıq möhkəmlənməkdə idi.

Artıq  1910-cu illərdə əvvəlcə M.Ə. Rəsulzadə tərəfindən “Azərbaycan qayəsi”ndən danışılır və 1917-ci ilin əvvəllərində

    “Azərbaycan muxtariyyatı” ideyası meydana gəlir və  siyasi fəaliyyət proqramının əsasını təşkil edir.. 

Azərbaycanlılar yaşayan ərazinin müstəqilliyini elan etməyə hazırlaşan və göründüyü kimi ,Azərbaycan ideyasının daşıyıcısı olan müasir dünya görüşlü, yüksək təhsilli və dərin savadlı vətənpərvər  ziyalıların öz dövlətinə  başqa ad seçə biləcəklərini təsəvvür etmək çətin məsələ idi.[Bax.17

Qeyd edildiyi kimi, İranın millətçi ziyalıları Azərbaycan adının siyasi təşkilatlar tərəfindən  gündəmə gətirilməsi ilə ona qarşı əsassız ideoloji mübarizəyə başlamışdılar.Lakin Azərbaycanda cərəyan edən siyasi, milli, mədəni proseslərə   obyektiv yanaşmağa cəhd edən İran ziyalılarına da rast gəlmək olurdu..  

[(AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu

olunmuş”Şərqin ilk demokratik respublikası” mövzusunda  Elmi Konfransın materilları

(Bakı “Papirus NP” nəşriyyatı,2019, 264 səh) kitabında:  səh.45-190)]

Прочитано 780 раз

последние новости

Top 10 Самые Популярные Новости