Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Пятница, 02 Апрель 2021 14:27

AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTI-İRAN MÜNASIBƏTLƏRININ IDEOLOJI " PROBLEMLƏRI" V HISSƏ

Автор

Vidadi Mustafayev

NƏTİCƏ

Beləliklə, Azərbaycanda muxtariyyat ideyası meydana gəldiyi vaxtdan(1917)   Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər (1920)İran ictimai və ilk növbədə siyasi fikrində  AXC -ə münasibəti əks etdirən müxtəlif xarakterli  məhdud   sayda mənbə və ədəbiyyatın nəzərdən keçirilməsi zamanı  alınan nəticələri    aşağıdakı kimi xülasə  etmək olar.  

1.İranın  siyasi fikri cəmiyyətin siyasi, sosial, etnik, mədəni   strukturu və dövlətin beynəlxalq vəziyyətində baş verən dəyişiklərin təsiri altında  yeni yaranan Azərbaycan dövlətinin varlığını qəbul etməmək, tanımayaraq əməkdaşlıq etmək, işğal etmək, birləşdirmək və son nəticədə  əməkdaşlığı davam etdirmək üçün tanımaq  kimi mərhələlərdən keçmişdir. 

2. Tanımamaq ,işğal etmək, birləşdirmək ideyası  əsasən fars millətçilərinin Azərbaycan Xalq Cümhuriyyətinə fars-türk qarşıdurması prizmasından yanaşmadan irəli gəlirdi.  Həmin yanaşma əsasən Azərbaycanın Azərbaycan  və azərbaycanlıların etnik türk adlandırılmasına reaksiya kimi qələmə verilirdi. Əslində isə fars millətçiləri türklərin Azərbaycan adında yeni bir dövlətinin yaranmasını fars-türk qüvvələr  balansının onların ziyanına dəyişməsi kimi dəyərləndirirdilər. 

3.İranın iqtisadi fəal təbəqələrinin maraqları fars millətçilərinin  etnik maraqları ilə ziddiyyət təşkil etdiyindən Azərbaycanla formalaşmış iqtisadi əlaqələri davam etdirməyi tələb edir və bunun üçün münasib siyasi addımlar atmağın tərəfdarı idilər.  

4.Yarım-müstəmləkədən müstəmləkə vəziyyətinə düşmək ərəfəsində olan İranın milli maraqları fars millətçilərinin məhdud etnik  maraqları ilə ziddiyyət təşkil etdiyindən  siyasi elita tədricən fars millətçilərinin ideoloji təsirindən xilas olaraq milli maraqların təmin olunması istiqamətində hərəkət edərək Azərbaycanın Azərbaycan  və azərbaycanlıların türk adlandırılması ilə barışaraq, yeni dövlətin İranın geosiyasi mövqeyinin güclənməsində əhəmiyyətini, eyni zamanda iqtisadi qrupların maraqlarını nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyətini de-yuro tanıyaraq onunla əməkdaşlığı genişləndirmək xətti götürdü. 

5.İranın xarici və daxili siyasətinin ziddiyyətli xarakteri fars etnik birliyinin maraqlarının İran dövlətinin milli maraqları ilə üst-üstə düşməməsindən irəli gəlirdi. İranın digər xalqlarından, xüsusən də həmin dövrdə formal olaraq siyasi hakimiyyətə malik olan azərbaycanlılardan\türkərdən fərqli olaraq fars millətçiləri dövləti onun məhdud və böhran yaradan maraqlarının təmsilçisinə çevirmək uğrunda mübarizə aparırdılar. 

6.Azərbaycan Xalq Cümhuriyyətini tanımaq və onunla əməkdaşlıq məsələsində siyasi elitanın praqmatik dairələrinə məğlub olan fars millətçiləri dövləti farsların məhdud maraqlarına xidmət etməyə yönəltmək  sahəsində fəaliyyətlərini davam edirdilər. 

7.Azərbaycan Xalq Cümhuriyyətinə və onun dövlət yaradan türk millətinə fars-türk qarşıdurması prizmasından yanaşan fars millətçiləri Azərbaycanın tamamilə yeni siyasi-iqtisadi  sistem qurmaq kursu elan etmiş  Rusiya tərəfindən işğal edilməsindən sonra    həmin  yanaşmanı İranın daxilinə keçirərək Cənubi Azərbaycana və Cənubi azərbaycanlılara qarşı geniş  ideoloji mübarizəyə başladılar. 

8. Nəzərdən keçirilən dövrdə  İranda Cənubi azərbaycanlılara paniranist və panfarsist münasibətin – azərbaycanlıların türkləşmiş farslar və Azərbaycanın türkləşmiş farsların vətəni olması iddiası, azərbaycanlıların ayrıca etnos\xalq olmasının inkar edilməsi-artıq formalaşdığı özünü göstərirdi. 

9. Azərbaycan dövlətinin  əksəriyyətini türklər  təşkil edən azərbaycanlıların dövləti olması, Türkiyədən sonra ikinci dövlətdə türk dilinin dövlət dili səviyyəsinə yüksəlməsi İranda farsları və hakimiyyətdə təmsil olunan, lakin obyektiv olaraq farsların etno-mədəni maraqlarına xidmət edən azərbaycanlı rəsmilər və hakimiyyətdə təmsil olunmuş   və hakimiyyətə xidmət edən azərbaycanlı ziyalıları narahat edirdi. Onlar  baş vermiş  və davam etməkdə olan tarixi hadisəni   öz siyasi mövqeləri üçün təhlükə sayaraq  azərbaycanlıların türk  kimliyini inkar etmək yoluna qədəm qoyub,  qrup və fərdi maraqlarını toplu\etnik maraqlardan üstün tutaraq,  özünü assimilyasiya ideyası və ona əsaslanan siyasətin əsasını qoydular. Bununla da Cənubi azərbaycanlı rəsmilər və ziyalıların elit  hissəsi Azərbaycan xalqını  sözdə İranın, əməldə isə farsların maraqlarına  tabe etmək yolu seçərək fars millətçi dairələrinin mövqeyini möhkəmləndirirdilər.

   S Ö Z A R D I   VƏ  YA  İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ DAVAM EDƏN  İDEOLOJİ “P R O B L E M”LƏR   H A Q Q I N D A       B İ R   N EÇƏ     QEYD

Dünyada və regionda cərəyan edən hadisələr bolşevik Rusiyasının rus imperiyasının sərhədlərini yeni şəraitdə və yeni formada  bərpa etməyə başlamasına mane ola bilmədiyindən  və Bakı neftinin bolşevik dövləti üçün həyati əhəmiyyət daşıması səbəbindən artıq 1920-ci ilin aprel ayında Sovet Rusiyası Azərbaycanı işğal edərək AXC hökumətini devirdi və onun yerində  özündən asılı Azərbaycan Sovet Sosialist Respublikası hökuməti təşkil etdi. 

Kommunizmin  İranın sərhədinə gəıib çıxması onu  bərk qorxutduğundan bir daha nəinki Azərbaycan adına qarşı çıxmadı, əksinə tələsik Moskvaya (14 may 1920) Azərbaycan SSR-in müstəqillyini tanıdığını elan etdi. 

İran eyni zamanda Cənubi Azərbaycana diqqətini artıraraq  Ş.M.Xiyabaninin başçılığı ilə davam edən  üsyanı yatırmaq

  üçün   tədbirlər hazırlayırdı. 

Azərbaycan Sovet Respublikasına  Şərqə inqilab ixracının qapısı kimi  baxılırdı. Ona görə yeni dövlət ilk 2 ildə bu və ya digər formada müstəqilliyini saxlayırdı. Yeni hakimiyyətin   Azərbaycan\türk dilinin funksiyasını daha da möhkəmləndirməsi, Ş.M.Xiyabaninin başçılıq etdiyi milli hökumətin  və əsasən hökumətdə sosialist ideyaları və Azərbaycanın müstəqilliyinə rəğbət bəsləyən şəxslərlə əlaqə qurmağa çalışması İran hökumətinin Xiyabaniyə qarşı “şübhələrini” daha da artırmışdı. Ş.M.Xiyabaninin Sovet Azərbaycanı ilə əlaqələrin, kommunist ideyasının,  kommunizmin təsirinin artmasının , şimalda bərqərar edilən hakimiyyətin cənuba sirayət etməsinin qarşısını almağa   çalışdığını  və Cənubi Azərbaycanın şimala birləşməsinə qarşı olduğunu göstərmək üçün Cənubi Azərbaycanı “ Azadistan” adlandırmasının(12 iyun 1920)  mərkəzi hakimiyyətin üsyana münasibətinə ciddi təsiri olmadı. Mühafizəkar(fars) mərkəz   bütün ölkədə demokratik  ada  olan Təbrizin(türk)  onun işlərinə qarışmasına yol verməmək əzmində idi. Məhz buna görə üsyan amansızlıqla yatırılmış, Ş.M.Xiyabani və onun yaxın silahdaşları qətlə yetirilmişdi, halbuki üsyan zamanı

 mərkəzi  hökumət nümayndələrindən heç kimə xəsarət yetirilməmişdi.  Xiyabani üsyanı yatırıldıqdan sonra da ölkədə vəziyyətə tam nəzarət edilmirdi və Gilanda hökumətə qarşı üsyan davam edirdi.

Xiyabani üsyanına münasibət İranda siyasi hadisələrə farsların və azərbaycanlıların yanaşmalarındakı əsas fərqi üzə çıxardı. Farslar üçün əsas məsələ millətçilik prinsiplərinin bərqərar olması, azərbaycanlılar üçün əsas məsələ sosial və siyasi problemlərin həll edilməsi idi. Ona görə fars millətçilik ideologiyası daşıyan qüvvələr üsyan rəhbərlərini etnik  millətçilkdə ittiham edərək  onun başçılarına divan tutdular, halbuki Xiyabani və onun silahdaşları Əsas qanunun funksiyasının, əyalət və vilayət əncümənlərinin fəaliyyətinin bərpa edilməsi, ölkədə güclü mərkəzi hakimiyyət qurulması və xalqın maddi və mənəvi rifah halının yaxşılaşdırılması uğrunda çıxış edir və həmin istiqamətdə müəyyən islahatlar belə  aparmışdılar. Farslar isə yenidən Azərbaycanın və türklərin\azərbaycanlıların güclənərək aparıcı rol oynaya biləcəyindən ehtiyat edirdilər. 

Mərkəzi hökumət bir tərəfdən 1919-cu il ingilis-İran müqaviləsinə qarşı etirazları yatırmaq, digər tərəfdən Sovet Rusiyasının Sovet Azərbaycanı adından İrana hərbi müdaxiləsi və   sol radikal qüvvələrə müxtəlif yardımların qarşısını almağa çalışırdı. Sovet Rusiyasının İngiltərənin İranda mövqeinin zəiflədilməsinə yönəlmiş həmin addımları öz təsirini göstərməkdə idi.Belə ki İngiltərə sovetlərin və bütövlükdə kommunizmin İrana və deməli Böyük Britaniyanın qlobal mövqeinə təsirinin qarşısını almaq  üçün   İranda  özündən  asılı daha güclü mərkəzi hökumət qurmaq istiqamətində hərəkət etməyə başladı,   nəticədə 1921-ci ildə hərbi dövlət çevrilişi baş verdi və hərbiçilər siyasi səhnəyə çıxaraq ölkədə mərkəzləşdirmə

 siyasəti həyata keçirməyə başladılar. Həmin siyasət İranın əsasən xaricdə fəaliyyət göstərən milli ziyalılarını daha da ruhlandırdığından onlar

 mərkəzləşdirməin ideologiyasını yaratmaq sahəsində fəaliyyətlərini daha da genişləndirdilər. 

Birinci dünya müharibəsindən sonra ziyalılar güclü mərkəzi hökumət və onun vahid dil, mədəniyyət əsasında vahid millət yaratmasını əsas məqsəd hesab edirdilər.[21.s.146] 

Dünyəvi təhsilli ziyalılar ölkənin geriliyində İslam dinini əsas səbəb saydıqlarından

 ilk növbədə onun mövqeyini zəiflətmək və həmin məqsədlə islamdan əvvəlki İranın əzəmətini ona qaytarmağın zəruriliyini əsaslandırmağa çalışırdılar. Bununla da “qədimçilik”(arxaizm) deyilən cərəyan meydana gəlməkdə idi. Həmin cərəyanın tərəfdarları qədim İranı özləri üçün model olaraq görürdülər. Qədim İranın əsas xüsusiyyətlərindən biri həmin dövrdə İranda farsların hakimiyyətinin bərqərar olması və islam dininin  mövcud olmaması idi. Ona görə əsas məqsəd farsların hakimiyyətini yenidən bərpa  etmək və İslam dininin rolunu zəiflətmək kimi müəyyən edilirdi. Eyni zamanda  fars dilinin  birlik və vəhdətin əsas uzunmüddətli dayağına  və    vahid ünsiyyət və mədəniyyət vasitəsinə çevrilməsi başlıca  məqsədlərdən biri hesab edilirdi.[21.s.152] 

Bu da  Şimali  və Cənubi azərbaycanlıların   kimliyinin mədəni-mənəvi

  əsaslarından biri olan   ana dilinin  Cənubi Azərbaycanda  aradan qaldırmağı tələb edirdi.  

Maraqlıdır ki, azərbaycanlıların assimilyasiya etməyin ideoloji əsasları əsasən artıq qeyd edildiyi kimi, milli kimlik şüurundan məhrum olan və ya öz şəxsi və qrup maraqlarını etnik maraqlardan üstün tutan azərbaycanlı ziyalılar tərəfindən qoyulmuşdu. Onlar, yuxarıda qeyd edildiyi kimi,  hələ 1918-ci ildə bəzi fars ziyalıların Cənubi azərbaycanlıların türkləşmiş fars olduqları iddialarına “elmi” ideoloji baza yaratmağa çalışırdılar. İranda artıq Sovet  azərbaycanlılarının milli kimliyi haqqında heç bir iddia irəli sürmür, əsas diqqəti Cənubi azərbaycanlılara yönəldirdilər. Ona görə hər iki Azərbaycanın eyni xalqdan ibarət olub-olmaması fikri gündəmə gəlmirdi. Halbuki, 1918-1920-ci illərdə meydana gələn bəzi yazılarda hər iki Azərbaycanın eyni xalqdan təşkil olunduğu qeyd edilirdi. 

Hərbçilərin bilavasitə dəstəyi və qədim İranın əzəmətini ona qaytarmaq xəyalı ilə yaşayan yeni iranlı ziyalıların ideoloji dəstəyi ilə hakimiyyətə gələn Pəhləvi sülaləsi (1925) İran daxilində nəhayət fars millətinin böhran yaradan etnik maraqlarının, yəni fars millətinin etnik komponentlərinin –dil və mədəniyyətinin hakim mövqe qazanmasının xidmətçisinə çevrildi və  milli münasibətlərə milli ziddiyyət və milli ədavət gətirdi. Başqa sözlə, yeni hakimiyyət daxili siyasətdə fars millətinin eqoist  etnik maraqlarının təmsilçisinə çevrildi. Qeyd edildiyi kimi, fars millətçiləri  qədim Turan-İran\türk-fars qarşıdurmasını İran çərçivəsində  davam etdirirdilər.Həmin qarşıdurmada Cənubi Azərbaycanın hakimiyyətdə təmsil olunmuş və onun mövqeyini əsaslandıran azərbaycanlı ziyalılar millətçi farslar cəbhəsində yer aldıqlarından əslində qarşldurmadan deyil azərbaycan xalqının etnik komponentlərinə- dil və mədəniyyətinə qarşı  cəbhəboyu hücumdan danışmaq daha doğru olardı.  Lakin artıq ölkədə ictimai-siyasi,  o cümlədən milli münasibətlərə, fars millətçilərindən fərqli, bütün xalqların ümumi maraqları baxımından yanaşmağı tələb edən qüvvələr formalaşmaqda idi. Millətçi farsların dövləti  sırf  öz etnk maraqlarına xidmət etdirdikləri bir zamanda yəni   XX əsrin 40-cı illərində dünyada yenidən və daha güclü qlobal böhran başlandı. Həmin böhranın gedişində Cənubi azərbaycanlılar öz müqəddəratını təyin etmə hüququndan istifadə edərək xarici qüvvənin  dəstəyi ilə öz Milli hakimiyyətini quraraq hərtərəfli mədəni hücumun qarşısını qısa müddətə də olsa ala bildilər və İranda  milli münasibətlərin tənzimlənməsinin əsas prinsiplərini İran dövlətinə nümayiş etdirdilər.  XX əsrin 40- cı illərinin hadisələrindən dərs almayan fars millətçiləri 50-ci illərin əvvəllərindən həmin siyasəti, yəni daxili türklərin etnik komponentlərini məhv etmək  siyasətini, davam etdirdilər.

 Qeyd edildiyi kimi, İranın fars və  farslaşmış  millətçiləri vəziyyəti və xüsusən rəqiblərin gücünü düzgün qiymətləndirərək bir türk dövləti olan Azərbaycan Sovet Respublikasına qarşı,  nə onun adına, nə etnik mənsubiyyətinə, nə leksik, funksional baxımından inkişaf edən dilinə, mədəniyyətinə qarşı heç bir ideoliji mübarizə aparmırdılar.  Əsas diqqət əvvəllər olduğu kimi daxili Azərbaycan və türklərə qarşı yönəlmişdi. Fars millətçiləri dövlətin gücü ilə türkləri hər tərəfli təzyiq altında saxlasalar da,  türklər arasında yeni,  farslar kimi etnomilli maraqları təmsil və müdafiə etməyə başlayan nəslin meydana gəlməsinə mane ola bilmirdilər. Bu, Turan-İran \türk-fars qarşıdurmasında farsların i uğursuzluğu hesab edilə bilərdi.

İranda daxili, xarici ziddiyyətlərin kəskinləşməsi, xarici qüvvələrin də bilavasitə və bilvasitə iştirakı ilə baş verən  inqilab(1979)  dövlətin müsəlman, hətta dünya müsəlmanları, daxildə isə şiə təriqətinə mənsub olan islam icmasının təmsilçisi kimi çıxış etmək iddiası nümayiş etdirdi. İnqilabda ən geniş şəkildə və qətiyyətlə iştirak edən qeyri- fars xalqlar inqilabın qələbəsindən sonra  ilk günlərdən yeni təsis edilən hakimiyyətin  sosial baxımdan ciddi dəyişikliklərə uğramasına baxmayaraq fars millətinin məhdud etnomədəni maraqlarının təmsilçisi olaraq qaldığını müşahidə etməyə başladılar.

 Yeni hakimiyyətdə forma ilə mahiyyət arasında ziddiyyət özünü dərhal büruzə verməyə başladı. Belə ki, hakimiyyət şah sülaləsi və onun məhdud dayağı olan İran oliqarxiyasından korporotiv qrup olan ruhanilərin əlinə keçmişdi. Yeni hakimiyyət əvvəllər olduğu kimi tək millət, yəni fars milləti şüarı əvəzinə, tək müsəlman icması\şiə icması şüarını irəli sürməklə millətçilikdən geri çəkildiyini göstərirdi. Lakin yeni hakimiyyət,  əvvəldə olduğu kimi, qeyri-fars millətlərin heç bir əsaslı hüquqlarını tanımadı, ona görə dini pərdə altında fars millətinin etnomilli maraqlarının təmsilçisi, ifadəçisi və təminatçısı rolunu davam etdirdi. Bu da cəmiyyətdə milli münasibətlər sahəsində problemlərin, ziddiyyətlərin,  deməli böhran imkanının qaldığını göstərirdi. Dövlətin  ruhani donunda fars etnik maraqlarının təmsilçisi rolunda çıxış etdiyinin əsas göstəricilərindən biri fars-türk ideoloji mübarizəsinin davam etməsi idi. Maraqlıdır ki, yeni hakimiyyət ilk dəfə  türklərə qarşı ideoloji mübarizə obyektinə Sovet Azərbaycanını da daxil etdi. Bunu zahirən yeni rejimin dünya müsəlmanlarının maraqlarının ifadəçisi olmaq meyli ilə izah edirdilər, Həmin proses Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra geniş vüsət aldı. 

İran  öz müstəqilliyini bərpa edən Azərbaycanla bağlı bəzi planlara malik olsa da, onları həyata keçirə bilməyib onunla siyasi, diplomatik, iqtisadi, mədəni əlaqələr qurub genişləndirmək siyasəti yeritməyə başladı. Lakin İran hökuməti  Azərbaycan siyasətini həmişə eyni səviyyədə saxlaya bilmirdi. Çünki inqilabdan sonra İranın dövlət maraqları artıq bir deyil, iki daha məhdud maraqlarla ziddiyyət təşkil etməyə başlamışdı.. 

İran İslam Respublikasının siyasi strukturu xarici və daxili siyasətin vahid mərkəzdən deyil bir neçə mərkəzdən aparılmasına şərait yaradır. Siyasi sistem ruhanilərdən olan   Ali rəhbər, onun seçkilərini keçirən Xübrəqan məclisi, Rəhbərin yerlərdə və icazə verən xarici ölkələrdə ruhanilərdən ibarət nümayəndələrindən,  Konstitusiya Məhkəməsi və Mərkəzi Seçki komissiyası funksiyası yerinə yetirən Nəzarət Şurasından, İcra hakimiyyətindən,  Qanunvericilik hakimiyyətindən və Qanunvericilik hakimiyyəti ilə Nəzarət Şurası arasında ixtilafları həll edən Məsləhət Şurasından ibarətdir. Əsas qanuna görə ölkənin daxili və xarici siyasətinin əsas istiqamətləri və məqsədləri Ali Rəhbər tərəfindən müəyyən olunur və nəzarətdə saxlanır, həmin siyasət İcra hakimiyyəti və onun Xarici işlər nazirliyi tərəfindən həyata keçirilir. Dövlət dini ilə dünyəvinin sintezindən ibarət olduğundan dini işləri Rəhbərlik və əsasən Ali Rəhbərin yerlərdə və xaricdə nümayəndələri, İcra hakimiyyəti çərçivəsində isə İslam irşad və mədəniyyət nazirliyi  həyata keçirir. Dini məsələlərlə qeyd edilən dini orqanlar məşğul olduğundan İslam irşadı və mədəniyyət nazirliyi daha çox  İslam dini çərçivəsində mövcud olmalı olan mədəniyyət nazirliyi kimi fəaliyyət göstərir. Beləliklə, daxili və xarici siyasət bir mərkəzdən müəyyən edilsə də, bir neçə qurum tərəfindən həyata keçirilir. Qeyd edildiyi kimi, həmin siyasətin dünyəvi ünsürləri İcra hakimiyyəti, dini ünsürləri dini qurumlar tərəfindən həyata keçirilir. Əsas istiqamət və məqsədlər Ali rəhbərlik tərəfindən müəyyən edildiyindən İcra hakimiyyəti müəyyən mənada dini siyasəti də həyata keçirməklə məşğul olur. Bununla belə, hər iki orqan arasında dini və dünyəvinin nisbəti məsələsində daim ixtilaflar yaranır. Qeyd edilən struktur xüsusiyyətləri hakimiyyət qollarına zahirən müəyyən manevr imanları yaradır. İcra hakimiyyəti xarici siyasətin dini tərkib hissəsinə əhəmiyyət verməməyə çalışır, hakimiyyətin dini qolu isə öz fəaliyyətində dünyəvi ünsürlərə əhəmiyyət vermədiyindən xarici siyasətdə çox sayda ziddiyyətlər yaranır və icra hakimiyyəti heç də həmişə onu aradan qaldırmağa müvəffəq olmur. 

İranın Azərbaycan Respublikası ilə  münasibətlərində dövlətin qeyd edilən siyasi struktur xüsusiyyətləri mühüm rol oynayır. İcra hakimiyyəti sırf milli maraqlardan çıxış edərək siyasi, iqtisadi,mədəni əlaqələr qurub genişləndirmək siyasəti yeridir. Hakimiyyətin dini qolu isə yaranmış vəziyyətdən İslam inqilabını ixrac etmək məqsədi ilə istifadə etməyə çalışır. Dövlət  maraqlarından danışarkən, dövlətin eyni zamanda hakim fars millətinin maraqlarının təminatçısı olduğunu mütləq nəzərə almaq lazımdır. Ona görə də dövlətin ümumi, hakim fars millətinin xüsusi və korporotiv ruhani təbəqəsinin ayrıca marağından danışmaq lazım gəlir.Həmin maraqların ierarxiyası müxtəlif sahələrdə müxtəlif şəkil alır və dövlətin beynəlxalq və daxili vəziyyətinə təsir edir. Yəni dövlət maraqları fars millətinin etnik maraqlarından əlavə hakim ruhani təbəqəsinin korporotiv maraqları ilə də ziddiyyət təşkil edirdi. Həmin vəziyyətdən çıxış yolu  müxtəlif maraqların,  müxtəlif siyasi, mədəni qurumlar arasında bölünməsi və fəaliyyət coğrafiyasının müəyyən edilməsi  kimi özünü göstərir. Milli maraqların, xüsusən xaricdə,  təmsilçisi və müdafiəçisi rolunda icra hakimiyyəti çıxış edir. Ruhanilərin maraqlarını bir kənara qoyaraq fars etnik maraqlarının təmsilçisindən danışarkən bir maraqlı ixtisaslaşmaya diqqət yetirilməlidir. İran hökuməti əvvəlki rejim kimi fars etnik maraqlarının təmsilçisi və təminatçısı olaraq qalmaqda davam edir. Başqa sözlə, fars-türk qarşıdurmasına daxili ölçüdə hökumət başçılıq edir. Qeyd edildiyi kimi, inqilabdan sonra farslar həmin qarşıdurmaya Şimali Azərbaycanı da cəlb etməyə çalışırdılar. Bu isə milli maraqlara cavab vermədiyindən, necə deyərlər, yuxarıda qeyd edilən   iş bölgüsü aparıldı. Qeyd edildiyi kimi, daxili müstəvidə milli münasibətlərin fars etnosunun maraqları mövqeyindən  tənzimlənməsinə  hökumət, xarici müstəvidə  ruhanilərin maraqlarının-inqilab ixracının  təmin edilməsinə formal olaraq qeyri-rəsmi orqanlar, əslində isə Rəhbərliklə bağlı olan dini qurumlar və onları qoruyan hərbi-siyasi orqanlar  başçılıq edir və əsas yük ideoloji aspektə düşür, hərçənd praktiki ehtiyac yarananda  digər vasitələrdən də geniş istifadə olunur. Belə bir şəraitdə İran hökuməti Azərbaycan Respublikası ilə qarşılıqlı faydalı əməldaşlıq,  bərabər hüquq əsasında əlaqələr qurmaqda maraqlı olduğunu bəyan edir və həmin istiqamətdə hərəkət edir. Hökumət sözdə və işdə həmin sahədə Azərbaycanın daxili işlərinə qarışmamaq siyasəti nümayiş etdirir. Bununla yanaşı Azərbaycan Respublikasına qarşı dini və etnomədəni ideoloji mübarizə daim genişlənir .Bu baxımdan İranın imkan və resursları Azərbaycanla müqayisə edilə bilməz dərəcədə çoxdur. İran ideoloji maşını iki cəbhədə; həm daxildə, həm də  xaricdə Azərbaycan türklərinə qarşı geniş ideoloji mübarizə aparır. Həmin sahədə də iş bölgüsü formalaşmışdır. Belə ki, Şimali Azərbaycana münasibətdə  həmin mübarizənin mərkəzində  Cənubi Azərbaycan yerləşdirilir  və əsas diqqət yenə də Azərbaycan politonimi və onunla bağlı hələ müstəqilliyin ilk illərində meydana gələn iddialar, cənubla bağlı isə türklük əleyhinə yönəlmiş  və onunla bağlı qondarma ideyalar durur. Bir sözlə, fars hakim millətçiliyindən irəli gələn, həqiqi etnomədəni maraqlarla heç bir əlaqəsi olmayan,  dövlət maraqlarına zidd olan  xəyali maraqların təmin edilməsinə  və Azərbaycan və azərbaycanlıların həyati maraqlarına qarşı yönəlmiş daxili siyasi-ideoloji və xarici ideoloji mübarizə davam edir.İstər Azərbaycan Respublikası və istərsə də Cənubi azərbaycanlıların ideoloji fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zaman olduğu kimi İranın istər hakim fars millətinin həqiqi və köklü maraqlarına , istərsə də hakim ruhani təbəqəsinin düzgün dərk edilən maraqlarına qarşı deyil, özünü müdafiəyə,  yəni Azərbaycanın Azərbaycan oldduğunu, azərbaycanlıların türk əsilli ayrıca bir xalq olduğunu əsaslandırmağa yönəlmişdir.Başqa sözlə, İranın Azərbaycan Respublikası və azərbaycanlılara qarşı ideoloji mübarizəsi geosiyasi planda  ekspansionizm, daxili müstəvidə isə etnosid məqsədinə xidmət edir.

 İSTİFADƏ   EDİLMİŞ  ƏDƏBİYYAT 

1.Tohid  Melikzade, Azerbaycan Cumhuriyeti (1918-1920) ve İran (fars )basını, Karadeniz Araşdırmalar dergisi.2005.sayı 4,s.53-64  ,dergipark.ulakbim.gov.tr 

2.Rəis Niya “Pişəvəri məğalehaye  İrandustanei dər ruznameye Azərbaycan darəd”  http://www.ibna.ir 3mehr 1394 

3.N.Kavyani, Neqahi be ruznameye” Azərbaycan cozve layənfəke İran” 10 iyun 2006\  https://kar-online.com/node/12933\\ 

4.Seyid Əliəsgər  Musəvi Ebadi,  Aşinayi ba  ruznameye  “Azərbaycan coze layənfəke İran”  və fehereste mətalebe an, s.116-133, insani.ir 

5..   Morşedizad, Əli, Rouşənfekrane  azəri və hoviyyəte melli və gövmi,Tehran,Nəşre Mərkəz,1380, şeş, 395s.  

6.   Qacar dövlətinin Azərbaycan haqqında türkcə notası,http://visiontv.az/qacar-dovl%C9%99tinin-az%C9%99rbaycan-haqqinda-turkc%C9%99-notasi/ 

7. Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər (Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli nazirinin qeydləri).1918-1919-cu illər.Bakı,”Aspoliqraf”, 2018, 368s. 

8.Kave Bəyat,Tufan bər fəraze Qəfğaz- neqahi be monasebate məntəğeiye İran və Comhurihaye Azərbaycan,Ermənistan və Qorcestan dər doureye nəxoste esteğlal 1917-1921,XİN, 1380,457s. 

9.ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında(1919-1920-ci illər) Bakı ,”Şərq-Qərb”,2017,392s. 

10. Loğman Dehqan

 Niri, Murtəza Nurai, Fərhad  Purbanejad, Konfranse solhe Vərsay və eddeahaye ərziye İran  dər bareye  mənateğe iraniye(?V.M.  ) şemale rude Ərəs, Cəstərhaye tarixi,1389№2бs.19-30 

11.Abdulla Morad Əlibegi,Pantürkizm və vəhdəte melliye İran,Səmərqənd nəşriyyatı,1392, 160s. ,altıncı əlavə-Federasiyone İran və Comhuriye Azərbaycan. 

12.Русско-Турецкий Дополнительный договор к Брестскому договору от 3 марта 1918 года Статья II,http://wa.nt.am/ru/archives/1795\\\\\ 

13. Sərdariniya, Səməd, Aran velayəti əst əz Azərbaycan  İSC ,1383, № 6  42, s.196-201.; həmçinin -http://www.cloob.com/c/turks/98464 

14.Həsən Raşedi, Azərbaycane tarixi və məhdudeye an əz nəzər movərrexin,24 may 2015,http://iranglobal.info/comment/5155 

15.Azərbaycan tarixi (Ən qədim  zamanlardan XX əsrə qədər) Z. Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə, Bakı, Azərnəşr,1993, 680 s.  I cild. 

16.Doktor Huşəng Tale, Name Azərbaycan bər Aran, azargoshnasp.net 

17. Bax. Solmaz Rüstəmova-Touhidi, Cümhuriyyətin “Azərbaycan”  adlandırılması  və onun tarixi əhəmiyyəti, 2018,176s. 

18. İrəc Zouği, Çequnegiye şekəste məmuriyyəte nəmayendeqane  İran dər konfranse solhe Paris(Vırsaye 1919), Jur. Bərrəsihaye tarixi,  1354 №., 5, s.65-94 

19.. Pasox be  yek   şobheye tarixi, aya sərzəminhaye əz dəst rəfte dər moahedeye Torkəmançay  qabele esterdad əst? \\\\\https://www.farsnews.com/news/139\\\ 

 20. Mehdi Sadeği, Conbeşe 1299 Azərbaycan ; Şeyx Məhəmməd Xiyabanı, tebrizpedia.info 

21.  Doktor Əli Əşrəf Nəzəri, Nasionalism və həviyyəte irani,motalee mouredi  doureye pəhləviye əvvəl, Pəjuheşe hoğuğ və siyasət,  1386 № 22,s.141-172. 

[(AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu

Azərbaycan Demokratik Respublikasının 100 illiyinə  həsr olunmuş”Şərqin ilk demokratik respublikası” mövzusunda  Elmi Konfransın materilları

(Bakı “Papirus NP” nəşriyyatı,2019, 264 səh) kitabında:  səh.45-190)]

 
 
Прочитано 1065 раз

последние новости

Top 10 Самые Популярные Новости