Bernard Fontenelle (1657-1757) yazır:
“Göylər ulduzların yapışdığı alçaq tavan olanda Kainatın dar olduğunu düşündüm, havanın azlığından az qala boğulurdum. İndi səma daha uca və genişdi. Daha sərbəst nəfəs almağa başlayıram və düşünürəm ki, indi Kainat əvvəlkindən müqayisəsiz dərəcədə böyükdür”.
S.Hokinq Kainatı «məkanda sərhədsiz, zamanda başlanğıcı və sonu olmayan» adlandırdı. Kainat boş məkan deyil. Kainatın bizə görünən hissəsində iki trilyondan çox qallaktika var. Qallaktikalardakı ulduzların sayını ifadə edəcək rəqəm yoxdur (təkcə bizim Qalaktikada –“Süd Yolunda” 300 milyard ulduz var). İçində yaşadığımız dünyanın böyüklüyü Xaliqin Əzəmətindən xəbər verir.
Əbdül-Bəha yazır:
“…Nəhəng günəşlərin əzəmətli ardıcıllığına baxın. Bu işıqlı cisimlər saysız-hesabsızdır. Günəş sistemimizin arxasında anlaşılmaz ulduz sistemləri və bu ulduz sistemlərinin üstündə Süd Yolunun uzanan qolları durur. ..Bir sözlə, Uca Yaradanın xəlqetməsi insan ağlının imkanları xaricindədir…”
K.Saqan deyir ki, “Günəş tipli ulduzların ətrafında həmişə planetlər var”. Bu tip ulduzlar bizim Qallaktikada milyonlarladır. Başqa Qallaktikalardakıları da bura əlavə etsək, bu rəqəm milyardları ötəcək.
Bəhaullah yazır:
«Hər sabit ulduzun öz planetləri və hər bir planetin öz canlıları var ki, heç kim onu saya bilməz«.
Şövqi Əfəndi bu sitata aydınlıq gətirdi:
“Bəhaullahın, hər planetdə mövcud olmasını iddia etdiyi canlılar yerdəki insanlara bənzər və ya fərqli ola bilər. Alimlər nə vaxtsa bu canlıların mahiyyətini öyrənməli olacaqlar».
Beləliklə, Kainatda sivilizasiyaların ortaya çıxması nadir hadisə deyil. F.Dreykin məşhur düsturuna inansaq, təkcə bizim Qallaktikada nə az, nə çox 20 mindən çox inkişaf etmiş sivilizasiya olmalıdır.
R.Hanson, ulduzlararası sivilizasiyanın ortaya çıxmasından ötrü bir sıra “təkamül addımlarının” vacibliyini göstərdi: ulduzun ətrafında həyat üçün şəraitin olduğu planetlərlərin olması; planetdə nüvəsiz (prokariot) və nüvəli təkhüceyrəli (eukariot) canlıların, arxasınca cinsi çoxalmanın və çox hüceyrəli orqanizmlərin yaranması; inkişaf etmiş şüura sahib varlıqların və sivilizasiyaların ortaya çıxması; sivilizasiyaların kainata yayılması. Əgər bu şərtlər Günəş tipli ulduzların milyonda birində müşahidə olunsa belə, Kainatın bizə görünən hissəsində 100 minlərlə sivilizasiya mövcud olmalıdır.
N.Kardaşyev və H.Kauts kosmik sivilizasiyaları inkişaf səviyyəsinə görə təsnifləşdirib altı tipini ayırdılar: əgər I tip silizasiyalar (məsələn, bizim Yer Sivilizasiyamız) öz planetindən kənara təzə-təzə çıxırsa, VI tip sivilizasiyalar kainatın enerjisindən istifadə etmək, onun fizikasını dəyişdirmək və hətta əbədi mövcud olmaq üçün doğma kainatın istilik ölümünün qarşısını almaq kimi texnoloji qüdrətə malikdirlər.
Tədqiqatçıların nəzərincə, inkişafın bu səviyyəsində Kosmik yəqin ki, sivilizasiyaların Federasiyası yaranmalıdır. Güman olunur ki, bu səviyyəyə çatmaqdan ötrü sivilizasiyalara 5-50 milyon il vaxt tələb olunur. Yaşı 4000 ildən bir qədər çox olan bizim Sivilizasiya bu “qoca və qüdrətli” sivilizasiyaların yanında “körpə uşaq” kimi görünür.
Bu faktları və rəqəmləri ortaya qoyanda amerikalı alim E.Fermi elmi ictimaiyyətə ritorik sualla müraciət etdi: “Bəs onda onlar (bu şüurlu varlıqlar) hardadır? Niyə görə başqa Sivilizasiyaların zondlarını, kosmik gəmi və ya radio ötürmələrini görmürük?”.
E.Ferminin sualını cavablandıranlar çox idi: sivilizasiyalar kainata ayaq basmamış kütləvi qırğın silahları əldə edib, özlərini məhv edirlər; qəfil ortaya çıxan “qara dəliklər”, astroidlər, pandemiyalar, Günəşlərinin sönməsi və s. onları məhv edir və kosmik sivilizasiyaya çevrilməyə imkan vermir; Kainatda sivilizasiyalar arasında əlaqənin qarşısını alan hansısa mistik “filter” (R.Hanson nəzəriyyəsi) mövcuddur; ola bilsin ki, onlar elektromaqnit dalğalarından deyil, bizə hələ məlum olmayan başqa rabitə vasitələrindən, məsələn, lazer və ya neytrinlərdən istifadə edir və bu səbəbdən də biz onları eşitmirik və s. F.Daysona görə inkişaf etmiş sivilizasiyalar öz Günəşlərinin enerjisindən maksimum istifadə etmək məqsədilə onun ətrafında sfera inşa edirlər ki, bu da onları görünməz edib.
Lakin əksər tədqiqatçılarn nəzərincə,yaşı 100 min və ya milyon illərlə ölçülən çox yüksək inkişaf etmiş sivilizasiyalar, yaşı 4 mindən bir qədər çox olan bizim Sivilizasiya ilə əlaqə yaratmaq marağında deyillər, sadəcə müşahidə etməklə kifayətlənirlər (C. Boll “Zoopark hipotezi”) və biz bu görüşə elmi, texnoloji, ola bilsin ki, hətta mənəvi və psixoloji hazır olanda onlar bizimlə ünsiyyət quracaqlar.
İndi də bizim Yerdəki Sivilizasiyamızın kosmik prespektivləri haqqında danışaq. Şübhəsiz ki, Allah insan cəmiyyətini də kosmik varlıq kimi yaradıb. Yer kürəsini “Bəşəriyyətin beşiyi” adlandıran akademik K.Sialkovskiy yanılmırdı: zamanı yetişəndə körpə öz beşiyini tərk etdiyi kimi, Bəşəriyyət də əvvəl–axır özünün kamillik dövrünə qədəm qoymalı, Yer kürəsindən kənara çıxıb Kainata ayaq basmalıdır.
Akademik O.Q.Qazenko hələ keçən əsrin 80-ci illərində yazırdı:
“Kainatın mənimsənilməsi Bəşəriyyət qarşısında duran ən ciddi və ən vacib məsələdir. Yalnız Kainatı mənimsəməklə Bəşəriyyəti məhv olmaq təhlükəsindən xilas edə bilərik. Əgər fəaliyyətsiz dayansaq fəlakət əvvəl-axır bizi haqlayacaq. Əvvəla, ona görə ki, beş milyard ildən sonra həyatın mənbəyi olan Günəş öz yanacağını sərf edib qurtardıqdan sonra soyuyacaq. Bundan çox-çox əvvəl isə Yer kürəsində təbii sərvətlər tükənəcək. Fəlakət başımızın üstünü kəsdirməmiş, Bəşəriyyət xırda qruplara bölünüb Qallaktikamızın həyat üçün əlverişli yerlərinə səpələnməlidir”.
Aviasiya dövrünün hələ başlamadığı bir vaxtda, Əbdül-Bəha kosmosun planlı şəkildə mənimsənilməsinin zəruriliyini elan etdi. 1913-cü il fevralın 19-da Parisdə çıxış edərək, digər planetlərə çatmaq üçün səyləri yönəltməyə çağırdı. O bildirir ki, belə bir layihə: “…Elm və texnika sahəsindəki artıq qazanılan uğurların təbii davamı olardı...”
Məktublarından birində O, kosmik uçuşlardan bəhs edirdi: “…. istər yerdən göyə dəmir yolu çəkmək, istərsə də yer kürəsindən günəşə yüksələn ildırım sürəti ilə səyahət olsun….”
Deyilənlərdən belə məlum olur ki, Günəş tipli ulduzların ətrafındakı planetlərdə əlverişli şərtlər daxilində həyatın, şüurlu varlıqların və nəhayətdə sivilizasiyaların ortaya çıxması və sonda əbədiyaşar Kosmik Sivilizasiyalara çevrilməsi Allahın Xilqət üçün hazırladığı Böyük İlahi Planın bir hissəsidir: “…Yerdə və göydə olanları sənin üçün yaratdım…” kəlamının bir izahı da bu ola bilər. Beləliklə, “ölümsüzlük” qazanmaq istəyən istənilən Sivilizasiyanın yeganə çıxış yolu “beşiyi” doğma planeti tərk edib, Kaintın əngəllikərinə baş vurmaqdır. Bəhaullah yazır:
“Ey insan oğlu! Göyümə yüksəl ki, vüsalımın sevincinə qovuşasan…… “
Fantastik əsərlərdə başqa sivilizasiyaların nümayənlərini çox vaxt qəddar təcavüzkar kimi qələmə verirlər. Milyon illik inkişaf yolu keçmiş və Kainatda ulduzları “yandırıb-söndürmək”, yeni planetlər yaratmaq, işıq surətindən bötük surətlə hərəkət etməyi öyrənmiş şüurlu varlıqlar qəddarlıq, təcavüzkarlıq, eqoizm, müstəsnalıq kimi mənfi keyfiyyətlərə sahib ola bilməz. Allahın Mərhəmət, Sevgi və Şəfəq qanunu Ümümkainat qanunudur. Allahın “oxşarında və bənzərində yaradılmış” hər bir şüurlu varlıq nə vaxtsa bu kefiyyətləri fərdlərdə və sosiumlarda üzə çıxarırlar. Kainata ayaq basmış sivilizasiyalar bir əlində elmi-texniki vasitələr, digər əlində İlahi məziyyətlər tutmalıdırlar ki, “Göylərin qapısı üzlərinə açılsın”. Bəhaullah yazır:
Ey ruh oğlu! Mənim ilk nəsihətim budur: pak, gözəl və nurlu bir ürəyə malik ol ki, əzəli, əbədi, daimi və qədim bir səltənətə sahib olasan…. Sonsuz kainat boyunca qaçsan, göylərin ənginliklərində dolaşsan belə, Üzümüz qarşısında təzim etməyincə, rahatlıq tapa bilməzsən.
Görən saysız-hesabsız problemlər içində çapalayan bəşəriyyət Kosmik Sivilizasiyaya çevrilmək şansına sahibdirmi? Böhranlar, yoxsulluq və xəstəliklər, müharibə və münaqişələr və ekoloji problemlərin “yükü” ilə biz hansı səviyyəyə kimi inkişaf edə bilərik?
Fikirimizcə, dünyanın indiki nizamı ən yaxşı halda Ayın və yaxın planetlərin resurslarından istifadə etməyə imkan verəcək. Böyük Kainata gedən yol qlobal iqtisadiyyatda və idarəetmədə, elm və texnologiyalarda, ən əsası da mənəviyyatda köklü dəyişikliklərin edilməsini tələb edir; öncə planetimizin sakinləri dini, milli, irqi sərhədləri dağıdıb, Yer kürəsini “Bir Ümumi Vətənə” çevirməli və Vahid Dünya Sivilizasiyasında birləşməlidirlər. Sonra mövcud iqtisadi, texniki, maliyyə və intelektual resusları səfərbər edib, qlobal problemləri həll etməli, və bundan sonra Böyük Kainatın “qapısını döyməyə” cəhd etməlidirlər.
İki yoldan birini seçməyə məhkumuq: ya planetimizin sərvətlərini tükədib, bu sərvətlər uğrunda müharibələrdə bir-birimizi məhv etməliyik, ya da əl-ələ verib Böyük Kainatda öz xilasımızı axtarmalıyıq. Bəhaullah yazır:
“Nə zamana qədər bəşər öz azğınlığında inad edəcək?… Nə qədər xaos və nizamsızlıq insanlar arasında hökm sürəcək? Nə qədər bu ixtilaf cəmiyyəti silkələyəcək?… ..Bəşəriyyət hər zaman inkişaf edən Sivilizasiyanı irliliətmək üçün yaradılmışdır… Birliyin nuru o qədər güclüdür ki, bütün kainatı işıqlandıra bilər.”
Azər Cəfərov
/Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru,
BDU-nun dosenti/